Ərdoğan ilk milli elektrik mühərrikli ekskavatoru sürərək sınaqdan keçirib


Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatının (TÜBİTAK) dəstəyilə inkişaf etdirilən ilk milli, rezin təkərli elektrik mühərrikli ekskavatoru işlədərək sınaqdan keçirib.

AZƏRTAC xəbər verir ki, Kocaeli vilayətinin Gebze qəsəbəsindəki TÜBİTAK Mükəmməllik Mərkəzinin açılışı Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə gerçəkləşib. Çıxışında Türkiyənin xarici və daxili siyasətinə, gündəlikdə duran məsələlərə geniş yer ayıran dövlət başçısı əminliklə ifadə edib ki, Türkiyə istehsalat sahəsindəki dinamik inkişafı bundan sonra da qoruyacaq.

Mərasimdə Sənaye və Texnologiya naziri Mustafa Varank yeni istehsal layihəsi barədə ətraflı məlumat verib. TÜBİTAK-ın dəstəyilə reallaşan elektrik mühərrikli ekskavator 2021-ci ilin sonundan ardıcıl olaraq istehsala cəlb olunacaq. Səssiz çalışan elektrikli vasitə, xüsusilə şəhər içində narahatlıq yaratmadan hərəkət edəcək. Yeni ekskavatorlar 3,5 saatlıq elektrik yüklənməsindən sonra 8 saat fasiləsiz çalışa biləcək.