“İstəyirik ki, “Azleks” beynəlxalq müstəviyə də çıxsın, amma...” 

“Ən böyük çətinliyimiz maliyyə ilə bağlıdır”

“Bir neçə quruma müraciət etsək də, yardım edən olmadı”

“Böyük Britaniya və İsrail mütəxəssisləri ilə müzakirələr aparmışıq. Oksford lüğətinin təcrübəsindən yararlanmağa çalışırıq”

“Zamanında maddi dəstəyimiz olsaydı, indi daha böyük nəticələr əldə edərdik”


Yəqin ki, hər birimiz gün ərzində ən müxtəlif sözlərin yazılışında və ya tələffüzündə tərəddüd edirik. Bir anlıq duruxur, “səhv ola bilər” deyə narahatlıq keçiririk. Son illərədək belə hallarda ağıla ilk gələn variant kitabxanamızdakı lüğətləri vərəqləmək olurdu. Lakin bu gün əksəriyyət sadəcə ən yaxın dostuna, ovuclarında saxladığı smartfona müraciət edir və xeyli əvvəldən yüklədiyi tətbiqdən-“Azleks” lüğətindən yararlanır. Bəli, bu onlayn lüğət hər birimizin, elə jurnalistlərin də çox karına gəlir.

Hər halda “kəsr” və “kəsir” arasındakı fərq və ya müxtəlif sahələrə aid terminlərin necə yazılışı heç də hər kəs üçün gün kimi aydın deyil. Deməli, daha kitabxanamızı alt-üst edib, vaxt itirməyə ehtiyac yoxdur. Odur ki, orfoqrafiya məsələsində günümüzün əvəzsiz köməkçilərindən birinə çevrilmiş

“Azleks.az”ın baş redaktoru, BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmliyə müraciət etdik. O, lüğət barədə “Sherg.az”a bunları söylədi: 

“Lüğətin tarixçəsi 2012-ci ildən başlanır. Tanınmış naşir, “Altunkitab”ın direktoru Rafiq İsmayılov o vaxt təklif etmişdi ki, belə bir iş görək. Bu iş üçün xüsusi proqramçılar dəvət etmişdi, əlində hazır iş planı var idi. Beləliklə, işə başladıq. Amma çox çətin oldu. İki-üç ildən sonra belə davam etsə, arzuladığımız nəticəni əldə edə bilmədiyimizi başa düşdük.



Biz lüğətin həm praktik əhəmiyyətli, həm də faydalı olmasını istəyirdik.. Həmin vaxtadək kifayət qədər böyük maliyyə ilə işlənmiş “Dilmanc” və bir də “Obestan” lüğətləri var idi, həm də o zaman üçün kara gəlirdilər. Amma bizə bir az çoxfunksiyalı, işə daha çox yarayan, daha praktik və lüğət lazım idi.

Ona görə də biz 2015-cı ildən başlayaraq, həm dediyim nüansları əhatə edə biləcək, həm də ümumən Azərbaycan dilinin elektron korpusunu yaratmağa xidmət edəcək bir layihə reallaşdırmağı qərara aldıq. O zaman mən Dilçilik institutunda çalışırdım və biz bu elm ocağı ilə birlikdə müasir elektron lüğət yaratmağa ümid edirdik. Lakin akademik Tofiq Hacıyevin vəfatından sonra institutda atmosfer tam dəyişdi və mənim Ana dili ilə bağlı düşündüyüm bir çox layihələr kimi bu lüğət söhbəti də qapandı. Maddi dəstək məqsədilə bir neçə quruma müraciət etsək də, yardım edən olmadı. Yenə də həm maddi, həm də intellektual ağırlıq Rafiq İsmayılovun üzərinə düşdü. Bildirim ki, lüğəti hazırlamaqda heç bir kommersiya niyyəti yoxdur. Bu, “Altunkitab”ın çox böyük ictimai layihəsidir. “Azleks” tamamilə pulsuzdur”. 

Q.Məhərrəmli, həmçinin lüğəti ərsəyə gətirənlər və bu gün onun çevik fəaliyyətini təmin edənlər barədə də məlumat verdi: “Lüğətlər toplusunun direktoru Rafiq İsmayılov, baş redaktoru isə mənəm. Təşəbbüs R.İsmayılovundur. O, Moskva Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Mükəmməl filoloji təhsili, yaxşı dil bilgisi var.

Vaxtilə böyük leksikoqraf Məmməd Tağıyevin lüğətçilik qrupunda çalışıb, təhsili var. Sonra akademik Yaşar Qarayevin vaxtında Nizami adına ədəbiyyat institunun elmi katibi kimi çalışıb. Müstəqillik illərində “Xəzər” jurnalında, “Yeni nəsil” Jurnalistlər Birliyində, “Turan” informasiya agentliyində işləyib. Orta məktəblərin 1-7-ci sinifləri üçün “Azərbaycan dili” dərliklərinin müəllifidir. Biz R.İsmayılovla birlikdə müxtəlif sahələr üzrə müxtəlif lüğətləri ərsəyə gətirmişik.

O cümlədən “Azərbaycan dilinin Frazelogiya lüğəti”ni, həmçinin “Məsəllər, deyimlər” etimoloji lüğətini hazırlamışıq. Bu lüğətlər təxminən 20-ə yaxın lüğətlə birlikdə “Azleks”in bazasına daxil edilib. O bazada başqa mütəxəssislərin hazırladıqları sözlüklər yer alıb. Həmin lüğətlər “Azleks”in özülünü təşkil edir”. 

Professor gələcək planlarından da söz açdı:

“Fəridə Ziyadova, Arzu Quliyeva, Tural İsmayılov, Rəşad Nəbiyev kimi əməkdaşlarımız sərasər çalışırlar. İşlər dayanmır, müntəzəm proses gedir, yeni sözlər və izahlar əlavə olunur. “Azleks”in ən böyük özəlliklərindən biri də rusca-Azərbaycanca və ingiliscə -Azərbaycanca tərcümələrin olmasıdır. Əlbəttə, çox istəyərik ki, lüğətimiz beynəlxalq müstəviyə də çıxsın.

Bunun üçün Böyük Britaniya və İsrail mütəxəssisləri ilə müzakirələr aparmışıq. Ən böyük çətinliyimiz maliyyə ilə bağlıdır. Biz Oksford lüğətinin təcrübəsindən yararlanmağa çalışırıq. Söz “hovuzumuzu” mümkün olduqca genişləndirməyə səy göstəririk.

Bəlkə də, zamanında maddi dəstəyimiz olsaydı, indi daha böyük nəticələr əldə edərdik. Ancaq bu günkü göstəricilər də çox yaxşıdır. Gün ərzində xeyli adam lüğətdən yararlanır və sözlərin orfoqrafiya, orfoepiyası, vurğunun harda qoyulması və s. zəruri məlumatları əldə edir. Cəmiyyətimiz “Azleksi”i mötəbər bir lüğət kimi qəbul edir. Bu, bizi çox sevindirir”.