“Dövlət şirkətlərinin işində yeni idarəetmə sistemi qurulmalıdır”

“Son 17 ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təkmil islahatlar Azərbaycana ən islahatçı ölkə imicini qazandırıb. Dövrün, zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaq üçün əsas yaradır”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Sherg.az”a açıqlamasında bildirib.
Baş redaktor bildirib ki, təkcə 2019-cu ildən bu günə qədər həyata keçirilən struktur islahatlarına diqqət yetirsək, bu addımların idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasına yol açdığını aydın görərik:



“Bir sözlə, idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq bütün dövrlər üçün öz aktuallığını qoruyub saxlayır. Struktur islahatlarının faydalarından biri ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsidir.

Prezident İlham Əliyev keçirdiyi son müşavirədə iqtisadiyyatın dayanıqlılığının təmin edilməsinin prioritetliyini önə çəkərək dövlət şirkətlərinə və müəssisələrinə həllivacib tapşırıqlarını çatdırdı.

Bildirdi ki, bu tapşırıqlar lazımi səviyyədə yerinə yetirilməlidir. Qarşıya qoyulan əsas tələblərdən biri bu oldu ki, dövlət şirkətlərinin işində yeni idarəetmə sistemi qurulmalıdır.” 

V.Rəhimzadə qeyd edib ki, Prezident həmin müşavirədə bu əminliyi də ifadə edib ki, şəffaflıq, dürüstlük, kölgə iqtisadiyyatının əhatə dairəsinin daralması, biznes mühitinin yaxşılaşdırılmasına imkanlar qazandıracaq:

“Azərbaycan son 17 ildə öz investisiya cəlbediciliyini yüksək səviyyədə qoruyub. İqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi üçün zəruri olan bütüm addımlar davamlı olaraq atılır.

Cənab Prezidentin atdığı bütün addımlarda dövlətimizin daha da gücləndirilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması prioritet istiqamət təşkil edir. Ölkə başçısı daim bu çağırışı edir ki, həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır. Bütün dövlət məmurları xalqa xidmət etməli, onların qayğıları ilə yaşamalıdırlar”.