Yeni XİN başçısı Türkiyəyə yollanır ! - Nələr müzakirə olunacaq? – ŞƏRH  

“İkitərəfli və regional münasibətlərin də müzakirə edilməsi gözləniləndir”


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək. Səfər avqustun 11-də baş tutacaq.
Bu, C. Bayramovun Azərbaycan XİN başçısı kimi ilk rəsmi səfəridir. Səfər çərçivəsində dünyada son proseslərə dair məsələlər müzakirə olunacaq.

Səfərlə bağlı fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Asim Mollazadə bildirib ki, qardaş Türkiyə ilə Azərbaycan arasında belə bir ənənə yaranıb: yüksək vəzifəyə gələn hər bir rəhbər şəxs ilk  xarici səfərini Türkiyəyə edir:

“Yaxud da əksinə, Türkiyədə vəzifəyə seçilən şəxs birinci səfərini Azərbaycana edir. Beləliklə, hər iki ölkə nümayəndələri münasibətlərimizin inkişafını müzakirə edirlər. Hər zaman Türkiyənin Prezidenti, xarici işlər naziri və spikeri ilk səfərlərini Azərbaycana ediblər. Bu ənənəyə sadiq olaraq, Azərbaycan xarici işlər naziri məhz qardaş Türkiyəyə səfərə gedir. Bu səfər hər iki ölkənin bir millət kimi inkişafına xidmət edən mühüm amildir. Səfərdə ikitərəfli və regional münasibətlərin də müzakirə edilməsi gözləniləndir”.