İkirəqəmlini dənizdə “batırmayaq” – Səbuhi Məmmədli yazır - FOTOLENT

“İki gündür ki, çimərliklərdə sıxlıq müşahidə edilir, bu da haqlı narahatlığa səbəb olur. Vətəndaşlardan xahiş olunur ki, mövcud vəziyyətin gərginləşməsinə səbəb olacaq addımlar atmaqdan çəkinsin və gəlməzdən əvvəl portala daxil olaraq sıxlığın az olduğu çimərliklərə üz tutsunlar”.

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Elmin İmanov deyir. Hə, avqustun 5-dən karantin rejimi qismən yumşaldı. Artıq əhalinin çimərliklərə üz tutmasına heç bir qadağa yoxdu. Aparılmış təhlil nəticəsində Bakı şəhəri ərazisində 101, Sumqayıt şəhərində isə 19 çimərlik istifadə üçün yararlı müəyyən edilib.

Çimərlik ərazilərində sosial məsafə gözlənilməklə və pandemiya dövründə təhlükəsizlik qaydaları nəzərə alınmaqla istirahətin təşkili üçün xüsusi proqram təminatı, interaktiv veb səhifə və mobil tətbiq də hazırlanıb. cimerlik.az xüsusi internet səhifəsinə daxil olmaqla vətəndaşlar çimərliklərin siyahısı, doluluq səviyyəsi, infrastruktur və şərait, ünvan və yerləşmə yeri və s. məlumatları əldə edə bilərlər. Fəaliyyətinə icazə verilən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədi ilə 1000-dən artıq ASAN könüllüsü prosesə cəlb olunub.

Onu da qeyd edək ki, çimərliklər səhər 8-dən axşam 9-a qədər fəaliyyət göstərir. Həmin vaxtdan sonra dənizə gedənlər ancaq hava ala, gəzişə bilərlər, çimmək qadağandı. Mövcud karantin rejiminin qaydalarına uyğun olaraq tətbiq edilmiş məhdudiyyətlərə əsasən hər bir çimərlik məhdud sayda insan üçün fəaliyyət göstərir. Əgər seçdiyiniz çimərlikdə insan sayı çoxdursa və doluluq səviyyəsinə yaxındırsa, daha az sıxlıq müşahidə olunan çimərliyə üz tutmaq məsləhətdi.

İcazə verilən bütün çimərliklərdə xüsusi yerləşdirilmiş məlumat lövhələri var. Həmin lövhələrdə qaydalarla tanış olmağınız və onlara əməl etməyiniz tələb olunur. Bununla bərabər çimərlik ərazisindən müvafiq gigiyena qaydaları çərçivəsində istifadə etməyiniz, digər şəxslərlə aranızda ən az 2 metrlik fiziki məsafəni qorumağınız zəruridir. Çimərlikdəki qapalı ərazilərdə (soyunub-geyinmə kabinləri, sanitar qovşaqlar və s. ərazilər) tibbi maskadan istifadə etmək məcburidir. Üzmək üçün nəzərdə tutulmuş ərazilərdən kənar açıq məkanlarda tibbi maskadan istifadə etmək də vacibdir.

Həmkarımız Samir Feyruzov Pirşağıdakı çimərlikdə olub. Samir deyir ki, girişdə polis əməkdaşları dayanıblar. Vətəndaşlara yaxınlaşaraq, hər bir kəsə təmizliyə riayət etməyin və sosial məsafə saxlamağın vacibliyini qısa şəkildə izah edirlər. Eyni zamanda, çimərlikdə xüsusi geyimli monitorinq qrupları da fəaliyyət göstərir. Sahildə sosial məsafə saxlamaq üçün zolaqlar çəkilib. Çimərlikdə müştərilərə yeməklər təklif olunmur. Yəni, çimərliyə gələn vətəndaşlar özləri ilə yemək gətirməli olurlar.

“Bütün "besedka"lar doludur. Çimərliyin nəzarətçiləri əlavə stollar daşıyıb sahildə quraşdırırlar. Pirşağı çimərliyinin nəzarətçilərindən olan Elşən adlı şəxs mənə deyir ki, adam çoxdur, biz isə az. Ailələr gəlir, məcburuq əlavə stollar quraşdıraq. Artıq yer yoxdur, stollar da qurtardı. Hələ axşamüstü daha çox adam gələcək. O qədər insan var ki, ayrı-ayrılıqda hər bir kəsə yaxınlaşıb “təmizliyə riayət edin” deyə bilmirik. İnsanlar da bizi başa düşməlidirlər”.

Hə, son iki gündə çimərliklərdə əməlli sıxlıq müşahidə olundu. Elnur İmanov dediyinə görə, əsas məqsədlərdən biri də odur ki, vətəndaşlar çimərliklərdə sıxlıqla qarşılaşmasın və yoluxma riskləri minimuma endirilsin: “İki gündür ki, çimərliklərdə sıxlıq müşahidə edilir, bu da haqlı narahatlığa səbəb olur. Vətəndaşlardan xahiş olunur ki, mövcud vəziyyətin gərginləşməsinə səbəb olacaq addımlar atmaqdan çəkinsin və gəlməzdən əvvəl portala daxil olaraq sıxlığın az olduğu çimərliklərə üz tutsunlar. İcra hakimiyyətinin əməkdaşları monitorinq apararaq çimərlikdə kvotanı artırmaq üçün mövcud şəraiti təhlil edirlər. Monitorinqin nəticələrinə uyğun rəqəmlər dəyişə bilər. Çimərliklərin kvotaya uyğun fəaliyyətini təmin etmək məqsədilə hər bir çimərliyin giriş və çıxışında “ASAN xidmət” könüllüləri fəaliyyət göstərir. Onlar çimərliklərə daxil olanların qeydiyyatını aparırlar. Nəticədə, çimərliklərə istirahətə gələnlərin və boş yerlərin sayı avtomatik olaraq portala yerləşdirilir. Könüllülər, həmçinin əhalinin məlumatlandırılmasını həyata keçirir, qaydalara əməl olunmasının zəruriliyini onların diqqətinə çatdırırlar. Çimərlikdə təhlükəsizliyə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları nəzarət edirlər. Onlar burada istirahətə gələnlərin sayının tənzimlənməsində də yaxından iştirak edirlər. Yəni, ASAN könüllüləri ilə DİN əməkdaşları koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Əgər boşluq yoxdursa, yer dolubsa, onlar vətəndaşları digər çimərliklərə yönləndirirlər”.


Təhlükəsizlikdən söhbət düşmüşkən, çimərliklərin fəaliyyətə başlayandın bir neçə nəfər boğulma təhlükəsi ilə üzləşib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlilinin dediyinə görə, insanlar gərək nəzarət olunmayan ərazilərdən istifadə etməsinlər:

“Çimərlik ərazisində xilasetmə texnika və vasitələri yoxdursa, üzmə sərhədlərini müəyyən edən nişanlar qoyulmayıbsa, bu ərazi nəzarət edilməyən ərazidir. Həmin ərazilərdə kompleks nəzarət tədbirləri görülmədiyindən belə ərazilərdən çimərlik kimi istifadə etmək təhlükəlidir. Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir”. Şöbə rəisi çimmək qadağan olunan yerləri də sadalayır.

Onun dediyinə görə, Nardaran qəsəbəsi 12-ci dalan, “Yaxt klub”, Sabunçu rayonu Ləhiş bağlarında estakada, Xəzər rayonu Şüvəlan qəsəbəsi “Mil qaya” deyilən ərazi, “Şimal Qres”, Xəzər rayonu Mərdəkan qəsəbəsi “Marina beach” istirahət mərkəzinin yaxınlığı, Binəqədi rayonu Novxanı və Goradil qəsəbələri aralığında “San qaya” deyilən ərazi, Qaradağ rayonu “Mayak” deyilən ərazi, Sumqayıt şəhəri Novxanı qəsəbəsi “Ləman” çimərliyinin yaxınlığı kimi bir sıra çimərlik üçün xüsusi təhlükəli əraziləridir.

Digər günlərdən fərqli olaraq, istirahət günlərində çimərliklərə axın daha çox olur. Bu isə infeksiyaya yoluxma riskini artırır.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev mətbuata açıqlamasında bildirib ki, sıxlıq yoluxma riskinin artmasına səbəb olan faktorlardan biridir. Sitat: “Dənizin içində sıxlıq olmur. Sıxlıq əsasən sahildədir. İnsanlar saatlarla bir-birinə yaxın məsafədə sahildə oturur, söhbət edirlər, məsafəni qorumağa çox da meylli olmurlar. Amma koronavirusun sudan keçmək ehtimalı yoxdur. Dəniz suyuna düşən virus tələf olur. Buna görə də insanlar daha çox suda olmağa çalışsınlar, nəinki dənizin kənarında”"

Hə, bizdən asılı olan çox sadədir: Çimərliklərlə bağlı elan olunan qaydalara uyğun davranmaq. Vəssəlam! Son günlər koronavirusla bağlı statistika olduqca svindiricidir. Artıq gündəlik yoluxma ikirəqəmli ədədlə ölçülür. Gəlin, onu dənizdə batırmayaq!