Klublarımızın Avropa Liqasında rəqibləri müəyyənləşdi

Avropa Liqasında mübarizə aparacaq Azərbaycan klublarının I təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinə qatılacaq “Neftçi”, “Keşlə” və “Sumqayıt” yeni mövsümdəki ilk rəqibi bəlli olub.
Bu, İsveçrənin Nyon şəhərindəki püşkatmada gerçəkləşib.
Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “Neftçi” Şimali Makedoniyanın "Şkupi” klubu ilə üz-üzə gələcək. Təmsilçimiz bir oyundan ibarət mərhələnin görüşünü Bakıda keçirəcək.
Çempionatın bürünc mükafatçısı “Keşlə”yə Albaniyanın "Laçi” klubu rəqib olub. Bakılılar qarşılaşmaya paytaxtda çıxacaq.
Avrokubokların debütantı “Sumqayıt”ın bəxtinə Şimali Makedoniyanın "Şkendiya" klubu düşüb. “Gənclik şəhəri” təmsilçisi debüt matçını evdə keçirəcək.
Qeyd edək ki, I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 27-də keçiriləcək.