“Kremlə qarşı koalisiya yarana bilər” - İşartıları görünür

“Rusiyaya qarşı bir çox ölkələrdə, o cümlədən Belarusda və Ukraynada ciddi tədbirlər görülür”

“Moskvanın zəifləməsi bu ölkənin Ukrayna və Gürcüstanla da münasibətlərini kəskinləşdirəcək”

“Ermənistanda Rusiya televiziyalarının qadağan olunması Rusiyanın zəiflədiyini göstərir”

“Amma kənar qüvvələrin, yəni ABŞ-ın, Avropanın müdaxilələrindən də asılıdır”




Ukrayna Türk Şurasında müşahidəçi statusu almağa çalışır. Bunu Ukrayna Xarici İşlər nazirinin birinci müavini Əminə Caparova “Demirörən” agentliyinə müsahibəsində deyib. Diplomat Türk Şurası ilə Ukrayna arasında tarixi əlaqələrin olduğunu bildirib. O, Ukraynanı türk mədəniyyətinin varisi adlandırıb.

 Ukraynanın bu təşəbbüsünü “Sherg.az”a təhlil edən politoloq, BDU-nun professoru Əlimusa İbrahimov iki dövlət arasındakı əlaqələrdən danışıb:

“Türkiyənin Krım məsələsində göstərdiyi səylər Ukrayna ilə münasibətləri yüksək səviyyəyə çatdırıb. Türkiyə Krım münaqişəsində Ukraynanı sonadək dəstəkləyir. Rusiya ilə münasibətlərə rəğmən Türkiyə bu torpaqların Ukraynaya aid olduğunu açıq-aşkar bəyan edir.



Ukrayna torpaqlarının azadlığı uğrunda sonadək mübarizə aparmalıdır. Bir daha deyirəm ki, bu, iki dövlət arasındakı xoş münasibəti göstərir. Amma gələcəklə bağlı nə isə demək çətindir. Çünki hələ konkret yol xəritəsi yoxdur”.

Ə.İbrahimovun sözlərinə görə, Türkiyəin atdığı addımlar dünya dövlətləri arasındakı münasibətlərə ciddi təsir göstərir:

“Türkiyə Krımı Ukrayna ərazisi kimi tanıyıb, onu dəstəkləsə də, Rusiya ilə birbaşa münaqişə gündəmdə deyil. Qardaş ölkə hələ ki, qarşıdurmadan çəkinir. Bunun fərqli səbəbləri var. Amma bu gün Ankara bütün dünyada türklərin müdafiəçi kimi çıxış edir.

Qeyd etdiyim faktı qardaş ölkənin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləməsi də isbatlayır. Belə getsə, Türkiyə ilə Ukrayna arasında münasibətlər daha da yaxşılaçacaq və iki dövlət gələcəkdə müxtəlif platformalarda eyni mövqedən çıxış edəcəklər”.

O, həmçinin bildirib ki, şimal qonşumuza qarşı mübarizə güclənməkdədir: 

“Rusiyaya qarşı bir çox ölkələrdə, o cümlədən Belarusda və Ukraynada ciddi tədbirlər görülür. Məncə, bu tendensiyalar gələcəkdə daha da artacaq. Rusiyanın zəifləməsi bu ölkənin nəinki Ukrayna, hətta digərləri, xüsusilə Gürcüstanla da münasibətlərini kəskinləşdirəcək. Dünyada baş verən hadisələr, o cümlədən Ermənistanda Rusiya televiziyalarının qadağan olunması Rusiyanın zəiflədiyini göstərir. Belə proseslər hələ çox olacaq. Kremlə qarşı koalisiyanın yaranması da istisna deyil. Bunun işartıları artıq görünür.

Amma, əlbəttə, kənar qüvvələrin, yəni ABŞ-ın, Avropanın müdaxilələrindən də asılıdır. Onlar koalisiya üzvlərini vahid mərkəzdən idarə edə biləcəklərmi? Belə bir məsələ hələlik görünmür”.