Aktyor gileyləndi:“Baxmayan da tamaşaçıdı, qınayan da...”

“Bəzən isə  bizim filmləri xarici filmlərlə bir tərəziyə qoyurlar”

“Başa salmaq olmur ki, onların büdcəsi, texnikası, strukturu ilə  bizimki heç vaxt uyğun gələ bilməz”



Cəmiyyətin mədəni zövqünün korlanması, bayağı mahnıların çoxalması kimi məsələlərdə daha çox telekanalları günahlandırırıq. Onları yanlış təbliğat apardıqları üçün qınayır, tənqid atəşinə tuturuq. Bəs həmin verlişləri izləyənlər günahsızdırlarmı? Elə sözümüzün qüvvəti olaraq  bu günlərdə “5/5” verilişində qonaq olan  aparıcı Mikayıl Güləddinoğlu deyib ki, iki il boyunca verlişin formatını dəyişib, orda yalnız Cahangir Cahangirov, Fikrət Əmirov kimi bəstəkarların musiqiləri ifa olunub. Lakin həmin müddətdə reytinqləri tamamilə aşağı düşüb, hətta sponsorları belə onunla işləmək istəməyib.

Deməli şou verlişlərini də, bayağı müğənniləri də populyarlaşdıran izləyicidir. Qeyd edək ki, bu yalnbız şou proqramlarına aid deyil. Həmçinin serial, kino, film sektorunda da vəziyyət belədir. Tamaşaçılar ciddi motiv əsasında çəkilən filmlərdən çox komediya janrını üstün tuturlar. Məsələn bir tarixi şəxsiyyət  həyatı haqqında çəkilmiş filmi çox az insan izləyir, nəinki komediya seriallarını, kinoları və sair.

Vəziyyəti “Sherg.az”a dəyərləndirən tanınmış aktyor, rejissor Elməddin Cəfərov söyləyib ki,ümumiyyətlə,  ölkəmizdə film sektoru hələ koronavirus pandemiyasına qədər zəifləmişdi:

“Ümumilikdə film sektoru çöküb. İnşallah nə vaxtsa dirilər, onda bu mövzuya fikir bildirərəm. Amma  2019-2020  illər üçün film sektoru üçün olduqca ağır illər oldu”. 

Televizya kanallarında yayımlanan serialların formatına gəlincə,  Elməddin bəy deyib ki, əslində ciddi məzmunlu işlərin böyük reytinqi olur: 

“13-15 reytinq gəlir. Buna baxmayaraq  razılaşıram ki,  kino çox ciddi  janrda  olanda tamaşaçıya  maraqlı gəlmir.   Ona görə bu  işi görəndə arada qalırsan. Çünki baxmayan da tamaşaçıdı, qınayan da. 

Bəzən isə  bizim filmləri xarici, Avropa filmləri  ilə bir tərəziyə qoyurlar.   Amma başa salmaq olmur ki, onların büdcəsi, texnikası, strukturu ilə  bizimki heç vaxt uyğun gələ bilməz.

Ona görə bu sahənin nə vaxt düzələcəyini bilmirəm. Açığı elə də ümidli deyiləm. Çünki ortada böyük bir fərq var. Tamaşaçını da qınamıram. 

Ona da, buna da baxır qiymət verir. Amma ədalətli deyil . Zəif şərtlərlə bunu ediriksə tamaşaçı “halal olsun” deyə bilər.  Lakin izləyici şərtlərlə deyil, nəticə ilə  maraqlanır".