Meyxanaçıdan mediaya çağırış:“Paylaşımlarımdan xəbər hazırlamasınlar”

Dünən tanınmış meyxanaçı Vüqar Əbdülov bir ofis binasının qarşısındakı şəklini sosial şəbəkələrdə paylaşıb. O  fotoya “Yeni işimiz xeyirli olsun” sözlərini yazıb. Meyxanaçının bu paylaşımının ardınca 5 ay işsiz qaldıqdan sonra yeni biznes qurduğu və ev alqı-satqısı ilə məşğul olacağı xəbərləri yayılıb. 

“Sherg.az” da məsələni aydınlaşdırmaq üçün söz xridarının özü ilə əlaqə saxlayıb.  Vüqar bəy sözügedən şəkillə bağlı bunları söyləyib:

“Mənim media quruluşlarının hamısına  hörmətim var. Belə bir işim varsa, paylaşım etmişəmsə, şəxsi məsələmdir.  Bu media üçün niyə maraqlı  olmalıdır ki?! Hansısa obyektin qarşısında şəkil çəkdirmişəmsə, deməli, o sənətin sahibiyəm, o sahədə çalışıram? Mətbuat sənətimdən, şairliyimdən yazsın. Niyə ancaq elə şeylər yazırlar?

Biznesimin olub-olmaması mənə aiddir. Mediaya niyə maraqlıdır ki?  Bunu oxucu  üçün işıqlandırmağın mənası nədir? Rəsmi İnstaqram səhifəmdir, özüm idarə edirəm. Tutaq ki,  kolbasa, toyuq və sair paylaşıram.

Bunun heç bir informasiya əhəmiyyəti yoxdur axı.  Sənətçinin sənəti ilə maraqlansınlar. Şəxsən öz adımdan deyirəm ki,  paylaşımlarımdan məlumat məqsədilə istifadə etməsinlər, xəbər hazırlamasınlar”.