“Rusiya Belarusda vəziyyəti qarışdırmaq istəyir” – Pərdəarxası...    

“Amma Lukaşenko heç bir  meydan hərəkatına yol verməyəcəyini sübut etdi”

“Belarus rəhbərinin müstəqil addımları Rusiyanı qıcıqlandırır”

“Rusiya növbəti seçkidə uduzdu, Qərb çalışacaq ki, Lukaşenko ilə münasibətləri dərinləşdirsin”


Dünən Belarusda Prezident seçkiləri keçirilib. İlkin nəticələrə görə Aleksandr Lukaşenko səslərin 80,23 faizini qaazanıb. Bu barədə Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri bildirib. Belarus Prezidentinin əsas rəqibi Svetlana Tixanovskya isə 9,9 faiz səs toplayıb. Nəticələr elan edildikdən sonra isə paytaxt Minskdə və ölkənin müxtəlif bölgələrində etirazlar başlayıb.

Qeyd edək ki, Belarusda A.Lukaşenko 1994-cü ildən etibarən Prezident vəzifəsindədir. Bəzi iddialara əsasən A. Lukaşenkonun Rusiya prezidenti Vladimir putin arasındakı münasibətlərdə soyuqlaşma müşahidə olunur. Məhz ona görə də V.Putin A.Lukaşenkonun qalib gəlməsində maraqlı deyil. Ümumiyyətlə isə, bu ölkədə Qərb və Rusiyanın fərqli maraqlarının olduğu iddia olunur. 



Politoloq Natiq Miri “Sherg.az”a açıqlamasında bildirib ki, Belarus həm Qərb, həm də Rusiya üçün strateji əhəmiyyət daşıyır. 
Onun sözlərinə görə, Rusiyanın ən böyük strateji müttəfiqi və tərəfdaşlarından biri məhz Belarusdur:

“Belarusun tədricən Rusiyanın əhatə dairəsindən çıxarılması, təbii ki, Qərbin marağı çərçivəsindədir. Təsadüf deyil ki, ABŞ Belarusun səfirliyi açıldı. ABŞ-ın dövlət katibi Pompeo da Belarusa səfər etdi. Bu faktlar göstərirdi ki, Belarus Qərbin, xüsusilə ABŞ-ın geosiyasi maraqları çərçivəsindədir. Bu seçki də həm Qərb, həm də Rusiya üçün strateji əhəmiyyət daşıyırdı.

Qərb üçün ona görə əhəmiyyət daşıyırdı ki, Belarusla Rusiya arasında münasibətlərin gərgin müstəvidə olması və Belarusun Rusiyadan birdəfəlik qopması üçün prezidentlər səviyyəsində münasibətlərin pozulması, hər iki dövlətin ayrılması üçün həlledici amil ola bilərdi. Bu yöndə Qərb institutları ciddi şəkildə fəaliyyət göstərirdilər. Rusiya da bunun üçün müəyyən zəmin yaradırdı. Əvvəlcə Belarusla Rusiya arasında enerji daşıyıcılarının qiyməti ilə bağlı narazılıq yarandı. Təbii ki, Lukaşenko Rusiyayanın yanında olması müqabilində ucuz neft və qaz istəyir. Düşünürəm ki, bu yöndə haqlıdır”.

Analitik bildirib ki, Belarusdakı seçkilərdə Rusiya müəyyən təhlükəni aradan qaldırmaq üçün hərəkətə keçdi:

“Putin Lukaşenkonun diqqətinə çatdırdı ki, o həqiqətən də Rusiyanın əhatə dairəsindən çıxmaq istəyərsə, Rusiya bununla barışmayacaq. Beləliklə, Lukaşenkonun hakimiyyətdən getməsi üçün zəmin hazırlayacaq. Əslində Belarusa əsgərlərin göndərilməsi də bu faktı təsdiq etdi. Çünki göndərilən yüzlərlə muzdlu döyüşçülərdən 33-ü məhz Belarusun xüsusi xidmət orqanları tərəfindən həbs edilib. Bu fakt göstərdi ki, Rusiya həqiqətən də Belarusda vəziyyəti qarışdırmaq, hətta hakimiyyətin dəyişilməsinə zəmin hazırlamaq istəyir. Amma Lukaşenko əvvəlcə bəyan etdiyi kimi, heç bir  meydan hərəkatına yol verməyəcəyini sübut etdi. Gecə vaxtı etiraz aksiyalarını tamamilə yatırtdı. Bu gün Belarusda gözlənilən qarşıdurma mövcud deyil. Bununla Lukaşenko öz yerini möhkəmləndirəcək”.

N.Miri vurğulayıb ki, Belarusda seçkilərin  saxtalaşdırılması faktı düzgün deyil: 

“Belarus ictimaiyyəti həqiqətən də Lukaşenkoya səs verdilər. Ona görə yox ki, o daha yaxşı Prezidentdir. Sadəcə Belarusun bütövlüyünü qorumaq və iqtisadi, siyasi və hərbi təhlükəsizliyini təmin etmək üçün Lukaşenkonu seçdilər. Çünki Belarus ictimaiyyəti Rusiyanın təxribatlarından narahat olduqları üçün növbəti dəfə Lukaşenkoya səs verdilər.

Qərb dünyası bu konteksdə Lukaşenkonun üstünə o qədər də getməyəcək. Ola bilsin ki, hansısa demokratik institutlar səviyyəsində bu seçki təqlid oluna bilər. Amma konkret olaraq Lukaşenkoya və Belarusa siyasi və iqtisadi sanksiyaların tətbiq olunacağını düşünmürəm. Çünki artıq Qərb institutları hesab edir ki, Belarusla Rusiyanın münasibətləri keçmişdəki kimi davam etməyəcək. Belə bir şərait isə Qərb dünyasının maraqlarına xidmət edir”.

Politoloq qeyd edib ki, Lukaşenkonun qalib gəlməsi Rusiyanın maraqlarına o qədər də xidmət etmədi:

“Lukaşenko getdikcə daha müstəqil siyasətçi və müstəqil dövlətin geosiyasi maraqlarını təqdim edən bir Prezident kimi çıxış edir. Bu da Rusiyaya sərf etmir. Çünki Rusiya özünün əhatə dairəsi saydığı bütün postsovet ölkələrlə bərabərhüquqlu əməkdaşlıq etmək istəmir. Rusiya bu ölkələri özünü arxa bağçası saydığı üçün onlarla bütün münasibətlər Rusiyanın vassalı təbiətində qurulur.

Ona görə də Lukaşenkonun müstəqil addımları Rusiyanı qıcıqlandırır. Növbəti seçkidə Rusiya uduzdu, Qərb bundan sonra da çalışacaq ki, Lukaşenko ilə münasibətləri daha da dərinləşdirsin”.