Sərxoş dənizə getməyin

"Çünki suda boğulma riski artır"

“Yayda insanların ən çox istirahət etdiyi, sərinlənmək üçün getdiyi yerlərdən biri də çimərliklərdir. Ancaq təəssüflər olsun ki, suda boğulma halları da qaçılmaz olur. Nə qədər maarifləndirmə aparılsa belə yenə də insanlar öz həyatlarına biganə yanaşırlar. Son zamanlar ölkəmizdə çimərliklərin açılması ilə yenidən boğulma faktları qaçılmaz olub”.

Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Şərq" qəzetinə açıqlamasında deyib. Ekspert hesab edir ki, boğulma hallarının ən əsas səbəblərindən biri vətəndaşların məsuliyyətsizliyidir:

“Onların hava şəraitini düzgün seçməməsi, qanunsuz çimərliklərə üz tutmaları boğulma faktlarını artırır. Bakıda kifayət qədər çimərliklər var və daha az adam olan çimərliklərə getmək daha yaxşıdır, həm də təhlükəsizdir. Qeyd edim ki, pandemiya ilə əlaqədar olaraq sakinlər çimerlik.az saytına müraciət etmədən çimərliklərə üz tutmasalar yaxşı olar, çünki bu həm sıxlıq, həm də təhlükə yaradır”.

Çimərliklərdə insanların sağlamlığı üçün təmizliyin təmin olunduğunu, təhlükəsizlik tədbirlərinin ciddi şəkildə həyat keçirildiyini vurğulayan E.Nurəliyev qeyd edib ki, vətəndaşlarımız çimərliklərə üz tutarkən birinci növbədə hava şəraitinə diqqət yetirsinlər:

“Çünki, əlverişsiz havada - yəni duman, yağış, külək olduğu halda dənizə girmək çox təhlükəlidir. İkinci nüans isə bundan ibarətdir ki, insanlar hansı çimərliyi seçdiklərinə diqqət yetirməlidir. Düşünürəm ki, bütün çimərliklərdə nəzarət olunarsa və qeyri çimərliklər nəzarətə götürülsə, boğulma halları da azalar. Bir də yadda saxlamaq lazımdır ki, çimərliklərdə alkoqol içkilərini qəbul etmək olmaz. Çünki spirtli içki qəbul edən şəxsi gün tez vurur və onun suda boğulma riski artır. Yağlı, qızardılmış yeməklər və konservantlar, həmçinin, spirtli içkilərin qəbulu da məsləhət görülmür".