Onların çoxu terrorçudur

Yaxın Şərqdən ermənilərin işğal altındakı torpaqlara köçürülməsi yolverilməzdir

Əfsuslar olsun ki, çoxsaylı müraciətlərə rəğmən, beynəlxalq qurumlar və həmsədrlər düşmənin bu addımlarına reaksiya vermir


Livanın paytaxtı Beyrutda baş verən partlayışı bəhanə edən Ermənistan hakimiyyəti Qarabağa süni köçürmə siyasətini davam etdirir. Qondarma Qarabağ rejiminin rəhbəri Araik Arutunyan Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Arama zəng edib. O, Beyrutdakı partlayışa görə 100-150 erməni ailəsinin Livandan Qarabağa köçürülməsini təklif edib. I Aramın təklifə müsbət cavab verdiyi və prosesin detallarının müzakirəsinə başlanıldığı bildirilir.

Partlayışı bəhanə edən separatçıların lideri onları Laçın, Zəngilan və Kəlbəcər rayonlarının ərazisində məskunlaşdırmağı düşünür. Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib. XİN-in mətbuat sözçüsü Leyla Abdullayeva deyib ki, təcavüzkar Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf ərazilərimizdəki qeyri-qanuni fəaliyyəti, o cümlədən qanunsuz məskunlaşdırma siyasəti tərəfimizdən beynəlxalq təşkilatlar çərçivəsində qaldırılır. XİN rəsmisi əlavə edib ki, Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı ciddi narazılığımız həmsədrlər qarşısında qaldırılıb.



Ermənilərin mənfur niyyətini “Şərq”ə şərh edən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib ki, Yaxın Şərqdən ermənilərin işğal
altındakı torpaqlara köçürülməsi yolverilməzdir. Ekspertin sözlərinə görə, onların “sivil” erməni adlandırdığı adamların çoxu terrorçudur:

“Azərbaycan Prezidenti ötən ay öz çıxışlarının birində qanunsuz köçürülmə siyasətini pisləmiş, ATƏT-in faktaraşdırıcı missiyasının son dövrlərdə regiona gəlməməsini tənqid etmişdi. Qurumun faktaraşdırıcı missiyaları sonuncu dəfə 2005-2010-cu illərdə Azərbaycanın ciddi təhriki ilə işğal edilmiş ərazilərə gəlib. O zaman Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı hesabatlarında qeyd olunub.

Lakin uzun müddət keçib və bu dövr ərzində Suriyadan ailələrin bölgədə yerləşdirilməsinə dair xeyli məlumatlar var. Vasitəçilər yeni faktları üzə çıxarmalı və bununla bağlı zəruri addımlar atmalıdır. Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulmasıdır”. 

Z.Məmmədov hesab edir ki, işğalçı Ermənistanın məqsədi bu torpaqlarda ermənilərin sayını süni şəkildə artırmaqdır:

“Ərazilərin etnik-mədəni xüsusiyyətlərini dəyişdirərək ilhaqçı siyasət həyata keçirirlər. İlk dəfə deyil ki, Ermənistan bölgədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə edərək bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Dağlıq Qarabağ və ətraf bölgələrdə qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır. Əfsuslar olsun ki, çoxsaylı müraciətlərə rəğmən, beynəlxalq qurumlar və həmsədrlər düşmənin bu addımlarına reaksiya vermir”.