Uşaqlar ya itkin düşür, ya da dənizdə boğulur... – Məsuliyyətsizlik ! 

“Çimərlikdə uşağın itməsi birbaşa valideynin məsuliyyətsizliyindən baş verir”

"Türkiyə qanunvericiliyində uşağa baxmaqda hökmlü olan şəxs vəzifəsini həyata keçirmədikdə 20 ilə qədər azadlıqdan məhrum oluna bilər”

“Ölkəmizdə də valideyn məsuliyyətini artıran qanunvericilik hazırlanmalıdır”


Azyaşlı uşağın başına gələn bədbəxt hadisədə ilk günahlandırılan şəxs valideyn, xüsusilə ana olur. Bu günə qədər uşaqların itməsi, qaynar suda yanması, atraksionlardan yıxılması, dənizdə boğulması və.s kimi hallarla çox rastlaşmışıq. 
Təəssüf ki, belə hadisələrin əksəriyyəti həqiqətən də valideyn diqqətsizliyinə görə baş verir. Yay mövsümündə çimərliklərdə ən rastlaşdığımız hadisələrdən biri də uşaqların itməsidir. Bir anlıq valideynin gözündən yayınan azyaşlılar ya itkin düşür, ya da dənizdə boğulur. 



Hər il dənizdə uşaqların itməsi və ya boğulması kimi halların baş verdiyini deyən “Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel  Səfərova “Sherg.az”a bildirib ki, belə hadisələrdə konkret  valideyn məsuliyyətsizliyi var. 
Onun fikrincə, ölkəmizdə valideyn məsuliyyətini artıran qanunvericilik hazırlanmalıdır:

“Çünki məsuliyyətsizlikdən övladının başına gələn hansısa hadisədə valideyn cinayət məsuliyyəti daşımır. Çimərliklərdə uşaqlara nəzarət edən isə ilk olaraq valideyn olmalıdır.

Konstitutsiyada sadəcə bir cümlə ilə göstərilib: 17-ci maddənin 2-ci hissəsində qeyd olunub ki, uşağın tərbiyəsinə və qayğısına qalmaq valideynin məsuliyyətidir, dövlət də buna nəzarət edir.

Dövlət çimərlikdə başqa hansı nəzarət mexanizmini həyata keçirməldir? “ASAN” könüllülər, polislər, dəniz nəzarətçiləri öz işlərini görürlər. Müşahidə etmişəm ki, nəzarətçi vətəndaşa yaxınlaşıb deyəndə ki, “zəhmət olmasa, zibillərinizi filan yerə qoyun”.

Bu zaman vətəndaşlar çox kobud reaksiya verirlər. Amma çimərlikdə uşağın itməsi birbaşa valideynin məsuliyyətsizliyindən baş verir”.

G.Səfərova qeyd edib ki, Türkiyə qanunvericiliyində uşağa baxmaqda hökmlü olan şəxs vəzifəsini həyata keçirmədikdə Cinayət Məcəlləsinə görə 20 ilə qədər azadlıqdan məhrum oluna bilər:

“Amma təəssüf ki, bizdə İnzibati Xətalar Məcəlləsində çox cüzi cəzalar nəzərdə tutulub. Nə qədər ki, valideyn məsuliyyəti presedent kimi ciddi hal olaraq gündəmə gəlməyəcək, belə hadisələr davam edəcək”.