Taksi çox, xidmət yox... !

“Taksi şirkətlərindən çoxunun nəqliyyat parkı yoxdur”

“Bu fəaliyyətlə məşğul olanların çoxu aztəminatlı ailə başçısıdırlar”

“Onların bahalı maşınları olsa, başqa işdə çalışarlar” 

“Taksi şirkəti xidmətlərinin vahid mərkəzdən idarə olunması rəqabətliliyin qarşısını alacaq”
 
Əvvəllər vahid taksi şirkətinin yoxluğundan gileylənirdik. İndi isə taksi sifariş etmək üçün xeyli nömrə var. İnsafən, qiymət də cibimizə uyğundur. Amma keyfiyyət haqqında belə xoş danışa bilmirik. Konkret taksi xidmətinin sürücüsünün ünvana deyiləndən xeyli gec çatması, avtomobili səliqəsiz idarə etməsi, müştəri ilə nəzakətsiz davranması və onlarca başqa məqamlar sərnişinlərdə diskomfort yaradır,  haqlı yerə ikrah doğurur.

Hələ maşınların çoxunun sınıq-salxaq olması da ayrı məsələdir... Deməli, indi də taksi xidmətlərinin keyfiyyətsizliyi problemi öz həllini tapmalıdır. 



Nəqliyyat eksperti İlqar Hüseynli məsələyə dair “Sherg.az”a danışıb. Onun sözlərinə görə, taksi xidməti göstərən avtomobillərin əksəriyyətinin diskomfort olması təəccüblü deyil: 

“Taksi şirkətlərindən çoxunun nəqliyyat parkı yoxdur. Sadəcə sistem qurulub və ya elan, ya da işə düzəltmə şikətləri vasitəsilə sürücülər cəlb edilir. Yəni həmin sürücülər öz şəxsi avtomobilləri ilə xidmət göstərirlər. Məlum məsələdir ki, taksi fəaliyyəti ilə məşğul olanların çoxu aztəminatlı ailə başçısıdırlar. Onların bahalı maşınları olsa, başqa işdə çalışarlar”. 

İ.Hüseynli, həmçinin taksi xidmətinin keyfiyyətsizliyinə təsir edən məqamlardan da söz açıb:

 “Bəzən operatorlar sürücülərə dəqiq məlumat verə bilmirlər. Həm də sürücü bir xidməti başa çatdırmamış, ikinci sifarişi qəbul edir. Beləliklə, həmin müştəriyə taksinin nə vaxt çatacağını dəqiq demək mümkün olmur. Üstəgəl, tıxac amilini və digər obyektiv nünsları da unutmaq olmaz”. 
 
Ekspert mövcud problemlərin həllindən ötrü təklif də verib:

“Taksi şirkəti xidmətlərinin vahid mərkəzdən idarə olunmasının tərəfdarı deyiləm. Bu, rəqabətliliyin qarşısını alacaq. Lakin vahid mərkəzdən nəzarət olmalıdır. Həmin məqam isə BNA-nın vəzifələrinə daxildir. Gərək adı çəkilən qurum işinə məsuliyyətlə yanaşsın, vaxtaşırı monitorinq lər keçirsin. Rəqabətlilik nəticəsində bir müddətdən sonra qiymətlər tənzimlənəcək, hətta ayrı-ayrı taksi xidmətlərinin parkları yaranacaq.

Ola bilsin, şirkət sürücünün köhnə maşınını satıb, üzərinə bir az da pul qoyub, yeni avtomobil alsın. Tərəflər arasında müqavilə imzalansın ki, müəyyən müddətdən, tutalım, on ildən sonra bu maşın sürücünün mülkiyyətinə çevriləcək.

Belə olan halda, əlbəttə, sürücü maşını göz bəbəyi kimi qoruyacaq, onu lazımi qədər diqqətli idarə edəcək”.