Dərsliklə bağlı sərt tənqid: “Müəllif “ayıbına kor olmayacaq”" – BİABIRÇILIQ !

““Qaz ilə Göyərçinin əhvalatı” kimi materiallar uşaqların mənəvi-estetik durumuna mənfi təsir göstərir”

“Əsas problem odur ki, materialı yazan xanım çıxıb özünə haqq qazandıracaq”

“Öz qüsurunu hansısa formada əsaslandırmağa çalışacaq”


Tanınmış jurnalist Ağa Cəfərli azyaşlı oxucular üçün nəzərdə tutulan nağıl kitabı haqqında paylaşım edib. Həmkarımız Aygün Bal adlı şəxsin “Qaz ilə Göyərçinin əhvalatı” kitabçasını ciddi tənqid edib. 



Təbii ki, kitab nəşrinə nəzarət olmayanda belə də olacaq. Bu vəsait şagirdin yaş xüsusiyyətinə və psixologiyasına uyğun deyil. Azyaşlı uşaqlar üçün istənilən vəsait çap olunmaz əvvəl senzuradan keçib qrif almalıdır.

Məsuliyyət daşıyan yoxdur deyə, hərə bir kitab çıxarır. Sosial şəbəkə istifadəçiləri azyaşlılar üçün öyrədici olmayan bu cür vəsaitlərin nəşrinə görə Təhsil Nazirliyini də kəskin ittihamlarla tənqid ediblər.

Ciddi tənqid atəşinə tutulan şeirin bir hissəsini təqdim edirik:


 
...Söylədi eşqini Qaz Göyərçinə,
Dedi: “Vurulmuşam nə vaxtdır sənə...”
Evli olduğunu bilsə də Qazın,
Artırdı bir az Göyərçin nazın.
Boyu çatmasa da Qazın boyuna,
İnadla girirdi Qazın qoluna.
Göyərçin bilirdi tay deyil ona,
Göyərçin vurulmuşdu qazın puluna.
...Hər gün yeyib-içmək, hər gün restoran...
Xərclik də olurdu puldan-paradan.
Arvad anlamasın, bilməsin deyə,
Qaz evə alırdı çoxlu hədiyyə.
Bir gün xəbər tutdu Qazın arvadı.
Qaqqıltı səsilə tutdu fəryadı.
Axtarıb tez tapdı o Göyərçini,
Dedi: “Kəsəcəyəm sənin səsini”…



Belə nəşrlərin yolverilməz hal olduğunu deyən Ağa Cəfərli “Sherg.az”a bildirib ki, guya bu kitabça uşaqların mənəvi-estetik səviyyəsinin formalaşması üçün hazırlanıb. Halbuki belə materiallar uşaqların mənəvi-estetik durumuna mənfi təsir göstərir:

“Ümumiyyətlə, biabırçı bir materialdır. Bu materialı hansı nəşriyyatın çap etdiyini bilmirəm. Lakin düşünürəm ki, çap materiallarına nəzarət mexanizmi güclü olmalıdır. Nəşriyyatın özündə belə kitabların çapa getməməsi üçün aparılan işə hansısa formada nəzarət olmalıdır. Amma görünür ki, ümumiyyətlə, bu sahədə qarışıqlıq, sistemsizlik var. Məsələn xarici ədəbiyyatdan hansısa nümunəni tərcümə edirlər. Və tamamilə biabırçı vəziyyət yaranır. Azərbaycan dilini bilməyən adamlar tərcümə işinə baxırlar”.



A.Cəfərli qeyd edib ki, bu, uşaqlar üçün kitaba dair ilk belə hal deyil:

“Bir dəfə də belə biabırçı kitab var idi. Onun müəllifi səhv etmirəmsə, “Gülnaz nənə” imzalı bir xanım olub. Hətta bir dəfə onunla “Space” kanalında qarşılaşdıq. Çox mədəni xanım idi, amma o da buna bənzər bir nağıl yazmışdı. Cəmiyyətdə böyük etirazla qarşılanmışdı. Lakin belə materiallara yol vermək olmaz. Çünki bu nağıllar uşaqların psixologiyasına, mənəvi- estetik durumuna çox pis təsir göstərir. 

Əsas problem odur ki, materialı yazan xanım “ayıbına kor olmayacaq”. Hadisə daha çox ictimailəşəndə çıxıb özünə haqq qazandıracaq və səhvini etiraf etməyəcək. Öz qüsurunu hansısa formada əsaslandırmağa çalışacaq”.