“Serbiya rəsmiləri ilə görüşdə ciddi qərarlar qəbul ediləcək” - Aktual

“Serbiya indi tamamilə düzgün addım atır.  Həm nazirlərini Azərbaycana göndərir, həm Prezidentimizlə telefon əlaqəsi qurub söhbətlər aparır”

“Nə Azərbaycan, nə də Serbiya bu münasibətləri pozmaq niyyətindədir. Əksinə hər iki ölkə əlaqələri inkişaf etdirmək tərəfdarıdır”


Serbiyanın Daxili İşlər naziri və Milli Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviçin Azərbaycanda səfərdədir. N.Stefanoviçlə görüş keçirilib. Görüşdə Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Araz Əzimov və Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov iştirak ediblər.

Görüşdə iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsi məsələsi müzakirə olunub.

Qeyd edək ki, avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb. A.Vuçiç Tovuzda baş vermiş hadisələr zamanı Ermənistanın Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib. 

Görüş barədə “Sherg.az”a danışan AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bildirib ki, Azərbaycan-Serbiya münasibətləri uzun illərdir, yüksələn xətlə inkişaf edir. Deputatın fikrincə, bu, heç də təsadüf deyil. Çünki Azərbaycanın Serbiya ilə həm tarixi əlaqələri var, həm də Serbiya Azərbaycan kimi eyni problem və faciənin qurbanına çevrilib:

“Necə ki, Ermənistan Dağlıq Qarabağı işğal edib, eləcə də Azərbaycan Kosovanı qəti tanıya bilməz. Ona görə ki, bu, beynəlxalq qanuna zidd olan bir məsələdir. Hətta Azərbaycan sülhməramlı qoşunlarını da Kosovadan çıxarıb. Çünki biz bütün dünyadakı  ərazi bütövlüyü ilə bağlı olan məsələlərə eyni yanaşmanı sərgiləyirik.

Hesab edirəm ki, bu istiqamətdə Azərbaycan -Serbiya münasibətləri uzun illərdir, bir-birinə dəstək xarakteri daşıyan münasibətlər kimi qiymətləndirilməlidir.

Avropa Şurasında uzun illər Serbiya üzrə məruzəçi işləmişəm. Ona görə də Serbiya-Azərbaycan münasibətlərinin nə dərəcədə yüksək səviyyədə olmasını çox gözəl bilirəm”. 

Parlament üzvü vurğulayıb ki, Azərbaycan Serbiya ilə münasibətlərinin inkişafında xeyli işlər görüb, yenə də görmək niyyətindədir:

“Həm mədəni, həm iqtisadi, həm də siyasi əlaqələrimiz buna əsas yaradır. Amma iyulda baş vermiş hadisələr və aşkara çıxarılmış faktlar buna kölgə salır. Çünki biz bütün dostlarımıza səmimi münasibət bəsləyirik və eyni münasibəti də onlardan gözləyirik. Hesab edirəm ki, problemimizi bilən Serbiya indi tamamilə düzgün addım atır.  Həm nazirlərini Azərbaycana göndərir, həm Prezidentimizlə telefon əlaqəsi qurub söhbətlər aparır”. 

S.Seyidov qeyd edib ki, Serbiya Daxili İşlər nazirinin Azərbaycana səfəri hər iki ölkə münasibətlərinin ciddi xarakter daşıdığına dəlalət edir:

“Nə Azərbaycan, nə də Serbiya bu münasibətləri pozmaq niyyətindədir. Əksinə hər iki ölkə əlaqələri inkişaf etdirmək tərəfdarıdır. Bu münasibətlərə xələl gətirən məsələlər, məsələn Ermənistana göndərilən silah və bu silahdan Azərbaycana qarşı istifadə məsələsi görüşdə ciddi təhlil olunacaq və ciddi qərarlar qəbul ediləcək”.