Aqil Abbas əmindir: “Prezident bizi Ağdama, Şuşaya...aparacaq” 

Dünən dövlət başçısı İlham Əliyev “Qarabağ” dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. Prezident nitqində bir sıra vacib məsələlərə toxunub. Ölkə rəhbəri bildirib: “Bu gün vaxtı ilə tərk edilmiş “Qarabağ” yatağına qayıtdığımız kimi, biz doğma Qarabağ torpağımıza da qayıdacağıq”.

Əlbəttə,  Azərbaycan xalqı buna-tarixi qələbəyə ürəkdən inanır.

Millət vəkili, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas da “Sherg.az”a açıqlamasında tarixi qələbəyə əminliyini ifadə edib: 

“Mən həmişə Qarabağa qayıdacağımıza inanmışam. Atəşkəs bir az işləri korladı. Amma bu müddət ərzində də ordumuzu təkmilləşdirdik, iqtisadiyyatımızı gücləndirdik. Cənab Prezident başda olmaqla hər kəs Qarabağa qayıdacağımıza inanır. Dövlət başçısının bütün addımlarının arxasında bu inam dayanır. Əminəm ki, Prezident bizi Ağdama, Şuşaya... aparacaq”.

A.Abbas, həmçinin Rusiya faktoruna da toxunub: 

“Mən gözümü açandan Ermənistanın dağıldığını eşidirəm. Lakin dağılıb qurtarmır. Rusiya dağılanda Ermənistanın da sonu gələcək. Ancaq, deyəsən, vəziyyət bizim xeyrimizə inkişaf edir, Rusiya fikrini dəyişir. Türkiyə, Pakistan, Ukrayna kimi dövlətlərin həmlələri də Kremli çətin vəziyyətdə qoyur”.