“Livana dəstək jestimiz bir az fərqli olmalı idi” - MÜZAKİRƏ  

“Pul yox, məhsul göndərmək daha məqsədəuyğun olardı" 

“Birincisi, yardım görünərdi. İkincisi, yerli istehsalımızı stimullaşdırardıq. Livandakılar Azərbaycan istehsallı məhsullarla tanış olardılar”

“Livanla Ermənistan arasındakı münasibətləri mümkün qədər öz xeyrimizə dəyişməliyik”



Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki separatçı rejim adından Livanın paytaxtı Beyruta humanitar yardım göndərilib. Bu barədə məlumatı Ermənistanın baş naziri Nikol Paşinyan paylaşıb. Paşinyan qeyd edib ki, yardımlar “Artsax xalqı” (Qarabağ) adından göndərilib.
Yayılan məlumatlarda bildirilir ki, separatçı-terrorçu rejimin göndərdiyi yardımlar Beyrut şəhərinə çatıb və Livan rəsmiləri Azərbaycan ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirərək üzərində separatçı rejimin bayrağının əks olunduğu yardımları qəbul ediblər.  

Qeyd edək ki, ötən həftə Livanın paytaxtı Beyrut şəhərində dəhşətli parlayış baş verib. Partlayışdan ən çox zərər görən Beyrutda ermənilərin ən çox məskunlaşdığı Burc Hamod rayonu olub. Bələdiyyə başçısı milliyətcə erməni olan Burc Hamod rayonunda ilk erməni terror təşkilatları hesab olunan “Daşnaksütun” və “Hnçak”ın qərargahları yerləşir. Birinci Qarabağ müharibəsi zamanı Dağlıq Qarabağda azərbaycanlılara qarşı döyüşən erməni terrorçulardan bəziləri də məhz Burc Hamod rayonunun sakinləri olub.

Livanın qondarma rejimin yardımını qəbul etməsi birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı siyasi analitik Turab Rzayev “Sherg.az”ın suallarını cavablandırıb:

-Livanın qondarma rejimin yardımını qəbul etməsini necə qiymətləndirirsiniz?

- Bu, qanunsuz olsa da, təəccüblü  deyil. Çünki indiki məqamda Livanın hansısa yardımı geri çevirmək şansı yoxdur. Həm də Livanla Ermənistanın əlaqələrinin Azərbaycan əleyhinə olması aydındır. Livan hakimiyyətinin bizə qarşı ən azı, ilkin münasibəti xoş deyil. 

- Elə isə Azərbaycanın cavabı necə olmalıdır?

- Əlbəttə, etiraz etməliyik. Amma bununla belə, real vəziyyəti də göz önünə gətirməliyik. Livanla Ermənistan arasındakı münasibətləri mümkün qədər öz xeyrimizə dəyişməliyik. Onu da deyim ki, Livanın bu yardımı qəbul etməməsi daha təəccüblü olardı. 

- Azərbaycanın Livana yardımı da birmənalı qarşılanmayıb...

- Başa düşürəm. Bilirəm ki, Livan bizə dost ölkə deyil. Amma orada güclü təşkilatlansalar da, ermənilərin sayı çox azdır. Yəni Azərbaycan ermənilərə yox, Livana yardım edib. Bunu belə qəbul etməliyik. Üstəgəl, bir milyon o qədər də böyük vəsait deyil, sadəcə simvolik xarakter daşıyır. Bu, xüsusi dəstək yox, dar günün yardımıdır. Türkiyə də belə bir addım atdı. Amma, məncə, bizim Livana dəstək jestimiz bir az fərqli olmalı idi. 

- Necə?

- Pul yox, məhsul göndərmək daha məqsədəuyğun olardı. 

- Niyə?

- Birincisi, yardım görünərdi. İkincisi, biz yerli istehsalımızı stimullaşdırardıq. Və həm  də Livandakılar Azərbaycan istehsallı məhsullarla tanış olardılar.