“Problemin bir həll yolu var: özəlləşmə və korporativ idarəçilik !”

“Dövlət şirkətlərinin özəlləşdirmə prosesi başlansa, bazarda “oyunçu”ların sayı artacaq”

“Nəticədə rəqabətli mühit yaranacaq və qiymət optimallaşacaq”

“Bu, həm dövlətin, həm də vətəndaşın xeyrinədir”


Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev son çıxışlarının birində AZAL, SOCAR və Azərbaycan Dəmir Yolu QSC-in mənfəətsiz fəaliyyətindən danışaraq, həmin qurumları sərt tənqid edib.  Bundan sonra müxtəlif ekspertlər problemin çıxış yolu barədə düşünməyə, fərqli fikirlər səsləndirməyə başladılar. Millət vəkili, iqtisadçı Vahid Əhmədov bildirib ki, həmin qurumların bəzi xidmət sahələri özəlləşdirilməlidir:

“Adıçəkilən şirkətlərin müəyyən xidmət növləri var ki, onlar mütləq özəlləşdirilməlidir. Bu barədə çoxdan söhbət gedir. Həm Milli Məclisin iclaslarında, həm də mətbuatda bu məsələlərə neçə dəfə toxunmuşuq. Belə iri şirkətlərin xidmət və istehsal sahələri o qədər də strateji əhəmiyyət kəsb etmir. Hesab edirəm ki onlar mütləq özəlləşdirməyə çıxarılmalıdır".



Deputatın bu təklifini “Sherg.az”a dəyərləndirən sabiq maliyyə naziri Fikrət Yusifov bütün problemlərin həllinin özəlləşdirmədən keçdiyi qənaətindədir:

“15-20 ildir, özəlləşdirmənin nə qədər zəruri olduğunu deyirik. Bu, problemlərin yeganə həllidir. Əlbəttə, qurumun müəyyən hissəsinə dövlət nəzarət edə bilər. Əsas odur ki, proses başlasın və tədricən davam etsin.

Bu iş üçün ləngimək olmaz. Əksinə, mümkün qədər tez hərəkətə keçməliyik. Özəlləşdirmə prosesi başlansa, bazarda “oyunçu”ların sayı artacaq. Nəticədə rəqabətli mühit yaranacaq və qiymət optimallaşacaq.

Bu, həm dövlətin, həm də vətəndaşın xeyrinədir. İndiki halda isə hökumət də, insanlar da ziyana düşür. Çünki konkret mala və ya xidmətə real qiymətdən dəfələrlə artıq qiymət qoyulur.

Söylədiyim məqam vahid monopolistin olması və onun hegemonluğu, diktəsi ilə bağlıdır. Belə bir şəraitdə, təbii ki, bazar prinsipləri pozulur. Dediyim kimi, sadaladığım problemlərin bir həlli yolu var-özəlləşmə və korporativ idarəçilik”.