50 nəfərlik toy daha yaxşı olar

"Toyların açıq havada keçirilməsi də əla fikirdir"

“Pandemiyadan sonra Azərbaycan toylarında bir sıra yeniliklərin olmasını istəyərdim. Çünki toylarımız daha çox məsrəf edilir və bir az da əhəmiyyətini itirmiş keçmiş adət-ənənələri özündə əks etdirir. Düşünürəm ki, maksimum 50 nəfərdən ibarət, daha az, sağlam  yeməklərə yer verilən və həmçinin daha çox hər kəsin əylənməsinə yönələn toylar təşkil olunsa daha yaxşı olar. İstərdim ki, gəlinlə bəyin toyda aktiv iştirakı artıq normal olaraq qəbul edilsin”. 


Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi Günel Orucova “Şərq”ə açıqlamasında deyib.

Gənc alimin sözlərinə görə, pandemiyaya görə stollar arasında məsafənin qorunması ilə yanaşı həmin ərəfədə səhhətində problem olanların toyda iştirakına icazə verilməsin:

“Toyların açıq havada keçirilməsi əla fikirdir, bu ilk növbədə səs-küylü toylardan daha maraqlı olar. Amma nəzərə almaq lazımdır ki, hər kəs yayda toy edə bilmir. Bu səbəbdən də restoranlarda musiqi səslərinin tənzimlənməsinə nəzarət olunmalıdır.

Musiqi seçimi də gənclərin istəyinə və auditoriyaya uyğun gəlməlidir. Bahalı aparatlar, səsgücləndiricilər yığışdırılmalı, ən başlıcası artıq məsrəf tələb edən müğənnilərin rolu toyda azadılmalıdır. Onlara verilən pullar gənc ailələrə maddi dəstək kimi verilsə daha münasib olar.

Bundansa, disklərdən, hazır olan mahnı, pleylistlərdən istifadə etmək daha məqsədəuyğundur. Toylarda 50-dən yuxarı qonağın iştirak etməsi də düzgün deyil.

Çünki gənc ailələr yalnız 50 nəfərin yer pulunu ödəməyi öhdəsinə götürə bilərlər. Vaxtilə toylarında iştirak etdikləri insanlar isə gənclərə dəstək adı altında toy pullarını (nəmərlərini) göndərsə yaxşı olar. Hətta bunun üçün ayrıca bank hesabı da açıla bilər. Yəni bu, gələcəkdə hamı üçün müəyyən olunmuş norma kimi elan olunsa, insanlar həyata keçirməkdən utanmazlar”.