Taleh Şahsuvarlının ittihamları ədalətsiz yanaşmadır

Müşfiq Ələsgərli: "Elə zənn edirlər ki, media ilə bağlı bütün problemləri Mətbuat Şurası həll etməlidir"

“Aznews.az” saytının baş redaktoru Taleh Şahsuvarlı Mətbuat Şurası İdarə Heyətinin tam tərkibdə istefa verməsini tələb edib. Baş redaktor bu barədə “Facebook” səhifəsində yazıb. T.Şahsuvarlı bildirib ki, Mətbuat Şurası öz nizamnaməsində əks olunmuş - Azərbaycanda söz və mətbuat azadlığının qorunması, dövlət orqanları və ictimaiyyətlə KİV arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, mətbuat vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılması, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılması barədə tələblərini açıq və kobud şəkildə pozduğuna görə tam tərkibdə istefa verməlidir. Baş redaktor ehtiyat üzvlərdən ibarət müvəqqəti İdarə Heyətinin formalaşdırılmasını və jurnalistlərin növbədənkənar qurultayının çağırılmasını da tələb edib. 

Taleh Şahsuvarlının ittihamları ilə bağlı “Sherg.az”a danışan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, Şura özünün nizamnaməsindən irəli gələn bütün səlahiyyətlərini yerinə yetirir. Onun sözlərinə görə, Mətbuat Şurası uzun müddət həm də nizamnamə ilə ona həvalə edilməyən işlərə də girişib: 

“Mətbuat Şurası jurnalistlərin hüquqlarının müdafiəsi, medianın durumunun yaxşılaşması üçün bəzən səlahiyyətlərindən artıq mübarizə aparıb və nəticə əldə edib. Amma bu, o anlama gəlmir ki, həmin işləri icra etmək birbaşa Mətbuat Şurasının vəzifə borcudur. Sadəcə Şura sədri və İdarə Heyətinin üzvləri fədakarlıq edərək səlahiyyətlərindən əlavə işlər görürlər. Hər kəsə diqqətlə yanaşmağa çalışmışıq. Gücümüz nəyə çatıbsa, etməyə səy göstərmişik. Bəzən jurnalistlərdə elə təəssürat yaranır ki, hər işi Şura görməlidir. Əslində gördüyümüz bir çox iş qanunvericilik baxımından bizim öhdəliyimizdə deyil. Baş redaktora bir məsələni də xatırlatmaq istəyirəm ki, Mətbuat Şurası Azərbaycanda yeganə jurnalist təşkilatı deyil. Ölkədə 50-dən yuxarı media təşkilatı var. Jurnalistlərin üzləşdikləri problemlərin hər birini ayrıca media qurumları həll etməlidir. Məsələn, əmək hüquqlarının qorunması, peşə hüquqlarının müdafiəsi, peşəkarlıq səviyyəsinin artırılması ilə ayrılıqda təşkilatlar məşğul olmalıdır. İndi həmin jurnalist təşkilatları ortalıqda görünmədiyi üçün hər problemdə gözlər Mətbuat Şurasına çevrilir. Elə zənn edirlər ki, media ilə bağlı nə qədər problem varsa, hamısını Şura həll etməlidir”. 

M.Ələsgərli deyib ki, Şura jurnalistlərin gözləntilərinə hörmətlə yanaşır, amma nəzərə almaq lazımdır ki, bütün məsələlər MŞ-nın səlahiyyəti çərçivəsində deyil: 
“Ölkədə 20 mindən çox jurnalist var. Bunların hər birinin fərdi qayğıları, problemləri mövcuddur. Hamısını Mətbuat Şurasının üzərinə yükləmək ədalətli yanaşma deyil. Kimlərsə Şura ilə bağlı ittiham irəli sürürsə, bu məsələlərə də nəzər yetirməlidir. Konkret Taleh Şahsuvarlının iddiasına gəldikdə isə, bəli, biz də deyirik ki, baş redaktor peşə fəaliyyəti ilə bağlı müəyyən problemlərlə rastlaşıb. Həmin problemin aradan qaldırılmasına dəstək vermək lazımdır. Bu da vurğuladığım kimi ayrı-ayrı jurnalist təşkilatlarının öhdəliyindədir. Fokuslaşıb bütün problemlərin həllini yalnız bir təşkilatdan gözləmək, haqlı-haqsız qurumun üzərinə yerimək, tənqid etmək ədalətsiz yanaşmadır”.