Hakimlərin işdən azad edilməsinə SÖZARDI... -“İslahatlar sərtləşməlidir”

 “Məhkəmə-hüquq sistemində aparılan  islahatlara vətəndaş cəmiyyəti öz töhfəsini verməlidir”

“Çünki əksəriyyət məhkəmə-hüquq sistemindən şikayətçidir”

Azərbaycanda 9 hakimin fəaliyyətinə xitam verilib. 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmandan irəli gələrək indiyə qədər fəaliyyətində korrupsiya və qanun pozuntularına yol verən kadrlar cəzalanıb. Vətəndaşlara yaradılan süni əngəl hallarına görə 39 hakim intizam məsuliyyətinə cəlb olunub.

Məhkəmə-Hüquq Şurası Aparatının Korrupsiyaya qarşı mübarizə və Məhkəmə monitorinqi sektorunun vəzifəsini icra edən Seyfəlpaşa Əliyev bildirib ki, 9 hakimin fəaliyyətinə xitam verməklə yanaşı, 4 nəfər daha aşağı işə keçirilib.

Vəziyyəti dəyərləndirən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti  Rauf Zeyni “Sherg.az”a bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə köklü islahatlar aparılır. Bu islahatlar ölkəmizin gələcək inkişafını təmin edən əsas proqramdır:

“Əlbəttə bu proqram çərçivəsində məhkəmə-hüquq sistemində islahatların genişləndirilməsi çox vacib məsələdir. Məhkəmə-hüquq sistemində mövcud problemlər olmasaydı, qanunların aliliyi prinsipi pozulmasaydı, özbaşınalıq, süründürməçilik baş verməsəydi, ölkə başçısı məlum sərəncamları imzalamazdı. Düşünürəm ki, bu sahədə ciddi islahatlar aparılmalıdır”.

R.Zeyni qeyd edib ki, vətəndaşların əksəriyyəti məhkəmə-hüquq sistemindən şikayətçidir:

““Ədalət mülkün təməlidir” prinsipini əsas götürsək, mütləq  bu məsələlərdə maraqlı olmalıyıq ki, cənab Prezidentin islahatarla bağlı qərarları icra olunsun. Ədliyyə Nazirliyi tərəfindən bir çox tədbirlər görülüb.

Biz qeyri-hökumət təşkilatları olaraq Ədliyyə Nazirliyində İctimai Komitənin üzvüyük. Üzv kimi bir neçə tədbirlərə, islahatların aparılaması ilə əlaqədar olan proqram təqdimatlarına dəvət olunmuşuq. Fikirlərimizi bildirmişik ki, bu islahatlar sürətlə və keyfiyyətlə getməlidir.

Qanunvericilikdə dəyişikliklərin edilməsindən tutmuş bəzi özünü doğrultmayan hakimlərin fəaliyyətinə xitam verilməsi islahatlarda yer alır. Düşünürəm ki, bu islahatlar daha da sərtləşib genişləndirilməlidir. İslahatların uğurla başa çatmasına vətəndaş cəmiyyəti də öz töhfəsini verməlidir”.