Hər oğul atasına oxşamaq istəyir

"Vəziyyət nə olursa olsun, heç bir valideynə bu bəraət qazandırmır ki, övladını oğurluğa təhrik etsin"

“İnsan hər yaşda yeni bir şey öyrənir və kəşf edir. Uşaqların həyatı öyrənmə prosesində xüsusilə, ilk illər, şəxsiyyətin inkişafı baxımından çox vacibdir. Bu dövrdə valideynlərin həm bilərəkdən, həm də bilməyərəkdən etdiyi böyük və kiçik səhvlər ömrü boyu övladının şəxsiyyətinə və həyatına mənfi təsir göstərir”.



Bu sözləri “Şərq”ə açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib. Psixoloqun sözlərinə görə, son zamanlar cəmiyyətimizdə atanın öz doğma övladını oğurluğa təhrik etməsi kimi xoşagəlməz hallar yaşanır:

“İlk olaraq qeyd edim ki, bu kimi faktorlar təbii ki, cəmiyyətdə qəbuledilməzdir. Bu cür yaşanan hadisələrin müxtəlif səbəbləri var. Bunlar da ailə və toplumlara görə dəyişir. Belə məsələlərə bir neçə aspektdən yanaşmaq olar.

Səbəb olaraq bəzi insanlar travmasını, bəziləri isə maddi çətinliklərini göstərirlər. Amma səbəb və mövcud vəziyyət nə olursa olsun, heç bir valideynə bu bəraət qazandırmır ki, övladını oğurluğa təhrik etsin.

Habelə, hansısa mənfi bir işdə onu özünə tərəf çəksin. Biz valideynlərdən dəstək gözləyirik ki, övladlarını xeyirli gələcəyə, vətənə, millətə, xalqa, dəyərli bir insan olaraq yetişdirsinlər.

Çünki onların cəmiyyətə layiqli bir vətəndaş kimi yetişməsində başlıca model valideyndir. Birmənalı olaraq heç bir pis işdə uşaqlarını özünə alət etməməlidirlər. Özləri də bu işlə məşğul olmamalıdır.

Xüsusilə də, ataların altından xətt çəkərək diqqətə çatdırmaq istəyirəm ki, oğlanların ən sevimlisi, özünə kumir bildiyi atalar övladlarına qarşı o qədər diqqətli olmalıdır ki, gələcəkdə onların valideyn obrazına xələl gətirməsinlər. Pis örnək olub onların gələcək həyatları üçün travma yaşatmasınlar. Çünki bunun gələcəkdə daha ağır fəsadları ola bilər”.