Şəhid məzarları təmizlənəcək, tər güllər qoyulacaq

Sabirabadda keçmiş deputatlığa namizəd iməclik təşkil edib


“Yaxın günlərdə Sabirabad rayonunun kənd qəbiristanlıqlarında, şəhid məzarları üzərində abadlıq və iməcliyin təşkili haqqında düşünürük. İməcliklərdə könüllü olaraq 3-4 nəfərdən ibarət qruplar olacaq. Tədbir ərəfəsində tibbi maska və sosial məsafə şərtləri qorunacaq”.



Bu sözləri tanınmış jurnalist, keçmiş deputatlığa namizəd Razi Abasbəyli “Şərq”ə açıqlamasında deyib. O əlavə edib ki, iməclik iştirakçılarının sayı da pandemiya səbəbindən məhdud sayda olacaq:

“Əvvəlcə həyətlərdən güllər toplanılacaq və kənd məzarları ziyarət olunacaq. Tədbir iştirakçıları tərəfindən ziyarət olunan məzarlar təmizləniləcək, sulanılacaq və ətrafına güllər düzüləcək. Daha sonra ətraflarında bayrağımız ucaldılacaq, dövlət himnimiz səsləndiriləcək.

Mərhumların ruhlarına axund tərəfindən Yasin surəsi tapşırılacaq. Düşündük ki, belə bir gözəl təşəbbüsü heç bir əlamətdar gün olmadan həyata keçirək.

Bu məsələdə bizə deputat Kamal Cəfərov, onun köməkçi komandası ilə yanaşı İcra Hakimiyyəti dəstək olacaq. Rayon əhalisi də bizə bu işdə yaxından köməklik edəcək”.