Türkiyə generaliteti Azərbaycanda: "Ciddi qərarların şahidi olacağıq !"


Türkiyənin Milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfəri barədə məlumat yayılıb. Müdafiə Nazirliyinin xəbərinə görə, geniş tərkibdə hərbi nümayəndə heyətinin məqsədi Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin taktiki-uçuş təlimlərinin birinci mərhələsinin son epizodunu izləməkdir.

Şübhə yox ki, Türkiyə hərbi rəhbərliyinin və qoşun komandanlarının Azərbaycana səfəri çərçivəsində təlimlərlə yanaşı, başqa məsələlər də müzakirə olunacaq. Xüsusən, Türkiyə generalitetinin Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov və Müdafiə naziri Zakir Həsənovun qardaş ölkəyə səfərləri çərçivəsində bu miqyasda ziyarətin gündəmə gəlməsi olduqca ciddi mətləblərdən xəbər verir. 

 

Mühüm səfərlə bağlı fikirlərini “Şərq”ə bölüşən hərbi-ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Türkiyə generallarının Azərbaycana gəlişinin sıradan, adi bir hadisə olmadığını düşünür. Ekspert hesab edir ki, səfər böyük və düşünülmüş bir siyasətin elementləridir:

“Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri tanışlıq xarakteri daşısa da, Müdafiə naziri Zakir Həsənovun eyni vaxtda qardaş ölkədə olması, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşməsi və təlimlərin bir qədər uzadılması mühüm faktorlardır. Hadisələri qabaqlamaq istəmirəm, amma çox maraqlı proseslər gözlənilir.

Son günlər düşmənə və onun arxasında duranlara açıq mesajlar verilir. Türkiyə ilə hərbi əməkdaşlığın müsbət nəticə verəcəyindən əminəm. Yaxın günlərdə ciddi qərarların və addımların şahidi olacağıq. Türkiyə Tovuz təxribatından sonra işğalçı Ermənistanın ünvanına sərt bəyanatlar səsləndirməklə kifayətlənmədi, əməli addımlar atdı.

Çox güman ki, Türkiyənin hərbi dairələrinin təmsilçiləri Azərbaycan rəhbərliyi tərəfindən də qəbul ediləcək və önəmli mesajlar veriləcək. Tərəflər arasında hərbi müstəvidə mühüm qərarlar qəbul olunacaq. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin aktiv fazaya keçməsi, bunun ardınca isə güc amilinin gündəmə gəlməsi gözlənilir”.