Əfsanəvi qəhrəman...

Onunla tək Azərbaycan xalqı yox, Fransa xalqı da qürur duyur

Prezident İlham Əliyev İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət Hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. 
Sərəncamda qeyd edilir ki, Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçib. 1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov Fransa Müqavimət hərəkatında fəal iştirak edib.

Ə.Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilib, o, Fransa dövlətinin orden və medalları ilə təltif edilib, həmvətənimizin, eyni zamanda Müqavimət Hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilib.

Ə.Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.

Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgərləri üçün fədakarlıq, hünər və cəsarət nümunəsidir.
Sərəncamda yubileyin keçirilməsi ilə bağlı tədbirlər planının hazırlanması aidiyyəti strukturlara həvalə edilir.  

“Vətən xaini” necə qəhrəman oldu 

II Dünya Müharibəsində almanlara əsir düşənlərə ozamankı SSRİ siyasi rəhbərliyi tərəfindən “Vətən xaini” damğası vurulması məlum həqiqətdir. Sovet partiya rəhbərləri belə hesab edirdilər ki, “qızıl əsgər” əsir düşməməlidir, özünü öldürməli, partlatmalı, son nəfəsinədək döyüşməli, qısası, nə edirsə etsin, amma əsir düşməməlidir. Bu mənada əfsanəvi Mixaylo – Mehdi Hüseynzadənin bəxti gətirmişdi – ölümündən sonra. Mixaylo özünü partlatdığı üçün qəhrəmanlığı təsdiq edildi və ona Sovet İttifaqı Qəhrəmanı adı verildi. Əhmədiyyə Cəbrayılovun taleyi fərqli oldu. 

… 1946-cı ildə Əhmədiyyə Cəbrayılov Vətənə qayıdır.  Həm də Şarl de Qollun köməyi ilə. Burada isə o, “vətən xaini” kimi qəbul olunur və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır.

Fransa hökuməti onun hərbi şücaətlərini layiqincə qiymətləndirmişdi. O, ölkənin 8 hərbi mükafatı ilə təltif edilmişdi. Təkcə birinin izahını verək; şəxsi igidliyə görə “Hərbi medal” sıravi əsgərə hərbi paradda generaldan irəlidə addımlamaq hüququ verirdi. Amma SSRİ rəhbərliyi üçün bunların əhəmiyyəti olmadı. Ə.Cəbrayılov doğma kəndində yaşadı, ailə qurdu, yarımçıq təhsilini davam etdirdi, sakit, səssiz həyatını yaşamaqda davam etdi. 1966-cı ilə qədər. 
1966-cı ildə Şarl de Qol Moskvaya səfər etdi və Əhmədiyyə Cəbrayılovu soruşdu.  Bəlkə də belə deyib; “bir cəsur kəşfiyyatçımız, partizanımız vardı, Əhmədiyyə, hardadı, onu görmürəm…”. Bəli, Fransa prezidentinin bu sözü SSRİ rəhbərliyini silkələyib, əl-ayağa düşüb Əhmədiyyənin ardınca elçi göndəriblər, Moskvaya gətizdiriblər. Bununla da bəraət verilib, sonra da medallar, ordenlər… Ümumilikdə 26 orden, medal, nişan.   
1972, 1975, 1982-ci illərdə döyüşlərdə iştirak etdiyi yerləri gəzməyə icazə verilir. O, Montoban, Rodez, Tuluza, Albi şəhərlərinə gedir, həmçinin Paris, Bordo, Strazburq, Lion, Dijon və Marseldə olur, keçmiş döyüş yoldaşları ilə görüşür. 1975-ci ildəki səfəri zamanı o, Fransa Senatında senator Jak Düklo tərəfindən qəbul edilir və ona bu görüşdən xatirə medalı təqdim edilir.
1977-ci ildə Tarn və Qaronda Fransa partizan hərəkatında birgə iştirak etdiyi Rene Şambar SSRİ-yə gəlir və Əhmədiyyə Cəbrayılovla görüşür.

Əhmədiyyə - Mişel, Maykl, Xarqo… dəyəri 10 min alman markası!

Ə.Cəbrayılovun bir neçə ləqəbi olub. Müqavimət hərəkatında "Armed Mişel", "Ryus Armed", "Xarqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Ə.Cəbrayılovun müharibədə iştirakı, əsirlik həyatı barədə xeyli məlumatlar var. Özü bunları gündəliyində yazıb. Jurnalist İntiqam Valehoğlu Ə.Cəbrayılov barədə yazısında qeyd edir ki, Şəkidə olarkən əfsanəvi partizanın oğlu ilə görüşüb. Ə.Cəbrayılovun oğlu atasının gündəliyini jurnalistə təqdim edib.     

Qısaca onu deyək ki, Ə.Cəbrayılov könüllü cəbhəyə yollanıb. Orconikidze diyarının Nevinnomıssk şəhərindəki aviasiya məktəbində hazırlıq kursundan başlanan müharibə yolu Moskva yaxınlığındakı 35-ci diviziyanın 350-ci bombardmançı eskadriliyası, 1942-ci ildə Donbas şəhəri, Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edir. 

1942-ci ilin aprel və ya may ayında onun təyyarəsi Kursk ətrafında vurulur. İzyum çayının yaxınlığında ağır yaralanır və almanlara əsir düşür, Barvinka və Lvov yaxınlığındakı həbs düşərgələrinə göndərilir. Bir düşərgədən başqa düşərgəyə keçid 3 ay davam edir. Hər gün piyada təxminən 60 km yol qət olunurdu.
1943-cü ildə Daxau həbs düşərgəsinə göndərilir və birinci dəfə qaçmağa cəhd edir. Bıçaqla silahlanaraq özünü sərxoşluğa vurur, gecənin qaranlığından istifadə edərək gözətçiyə yaxınlaşır və boğazını kəsmək istəyir. Cəhd baş tutmur və nəticədə almanlar tərəfindən Fransanın cənubunda, Tuluza şəhəri yaxınlığındakı Montoban həbs düşərgəsinə göndərilir. Burada o, 4167 nömrəli əsir idi. Bu həbsxanada o, vərəm xəstəliyinə tutulur.
Ə.Cəbrayılovun həbsxanadan qaçması, partisan hərəkatına qoşulması ilə bağlı zəngin məlumatlar var. İşğalçı alman hakimiyyət orqanları onun başına 10 min alman markası mükafat təyin etmişdilər.

1944-cü il 22 mayda Əhmədiyyəni əvvəlcə Kaberta partizan dəstəsinə, sonra isə kapitan Delplankın komandanlıq etdiyi Düma Gizli Ordusuna keçirirlər, Əhmədiyyə bu dəstənin Tarn və Qaronun azad edilməsi uğrunda apardığı bütün döyüşlərdə iştirak edir. 1944-cü il 19 avqustda Montobanın azad edilməsi və buna qədərki digər əməliyyatlara qatılıb.

20 avqustda azad edilmiş Parisdə general Şarl de Qoll Əhmədiyyə Cəbrayılov ilə görüşür. Bu görüşü fotoşəkil təsdiq edir, həmin dövrdə Fransa müvəqqəti hökumətinin prezidenti olan Şarl de Qollun iştirak etdiyi banketdə Əhmədiyyəni görmək olar. 28 avqustda Əhmədiyyə Montobanda yaradılan 3-cü briqadaya daxil olaraq Vozj və Elzasdakı döyüşlərdə də iştirak edib.

Film çəkiləcək 

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü zamanı “Planet Parni iz Baku” KVN Teatrının rəhbəri, Əməkdar artist Tahir İmanov Ə.Cəbrayılov haqqında film çəkmək istədiklərini cənab Prezidentin diqqətinə çatdırdı və Prezidentdən bu işdə onlara yardım etməsini istədi: “İkinci Dünya müharibəsi qəhrəmanı, milliyyətcə azərbaycanlı olan Əhmədiyyə Cəbrayılov haqqında film üzərində işləyirik. Daha dəqiq desəm, Rusiya Prodüserlər Gildiyasının prezidenti Renat Davletyarovun, həmçinin Rusiya Kino Fondu adlı bir qurum var, onların razılığını almışıq.

Hörmətli səfirimiz Polad Bülbüloğlu bu barədə Rusiya Mədəniyyət Nazirliyinə də məktub yazıb, onlardan da müsbət cavab almışıq. Hətta Rusiyanın “Rossiya 1” kanalı bu filmin 4 seriyasında maraqlıdır ki, film orada da işıq üzü görsün. Bildiyiniz kimi, 2020-ci ildə bütün bəşəriyyət faşizm üzərində Qələbənin 75 illik yubileyini qeyd edəcək. O cümlədən də biz – Azərbaycan Respublikası. Ona görə Sizdən xahiş edirəm ki, bizə bu işdə yardımçı olasınız. Bir neçə biznesmenə, tanınmış iş adamlarına müraciət etmişik, amma hamı bir nəfər kimi deyir ki, qadağalarınız olmasaydı kömək edərdik. Sizdən xahiş edirik ki, bizə bu işdə yardımçı olasınız”.

Cənab Prezident də “sizə heç kim qadağa qoya bilməz. Əgər qadağanı kim qoyub, de, biz bu qadağanı aradan götürək” söylədi. Prezident belə qadağa varsa, bunun səhv olduğunu bildirdi: “Onlara məsləhət görürəm, tövsiyə edirəm ki, əgər doğrudan da bu qadağa varsa, tamamilə götürülməlidir. Dövlət xətti ilə sizə heç bir qadağa qoyula bilməz”. Prezidentin qəti mövqeyi Əhmədiyyə Cəbrayılov haqqında filmin nəhayət ki, ərsəyə gələcəyinə inamı artırır. Bu cəsur partisanın həyatını əks etdirəcək film çox maraqlı olardı…