İnsanları evdə saxlamaq düzgün deyil

Gündəlik 500-600 nəfərin koronavirusa yoluxması fonunda bugünkü statistikada 94 nəfərin yoluxması bizim üçün ümidverici bir haldır

Operativ Qərargahın karantin rejimini yumşaltması məqsədəuyğun idi

Son iki gündə koronavirusa yoluxma sayında cüzi də olsa artım müşahidə olunur. 
Halbuki, uzun müddət davam edən sərt  karantin rejimi dövründə yoluxma hallarının sayı 74-ə qədər enmişdi.  Lakin  gündəlik yoluxma sayı dünən 84, bu gün  isə 93-ə qədər yüksəlib. Bu isə haqlı olaraq cəmiyyətdə müəyyən narahatlıq doğurur. Səbəb kimi də sərt karantin rejiminin yumşaldılması, bir sıra qadağaların aradan qaldırılması göstərilir. Deməli, yumşalma tədbirləri davam edəcəyi təqdirdə əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayacaq.

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva isə "Sherg.az"a açıqlamasında statistik rəqəmlərdə bu cür dalğalanmaların olmasını təbii hesab edir: "İndiki halda sözügedən artımı epidemioloji vəziyyət üçün ciddi təhlükə hesab etmirəm. Bütün dünya ölkələrinin  gündəlik yoluxma statistikasında bu cür dalğalanmalar olur. 

 Yoluxanların sayının  15-20  nəfər aşağı-yuxarı olması ümumi vəziyyətə  təsir etmir. Fakt odur ki, koronavirus  infeksiyası hələ də aktivdir və gündəlik yoluxmalar olur. Virus tamamilə məhv olmayana qədər bu cür dalğalanmaların olması  normal bir haldır.

Düzdür, bir nəfərin belə  infeksiyaya yoluxması bizim üçün risk faktoru daşıyır. Amma gündəlik 500-600 nəfərin koronavirusa yoluxması fonunda bugünkü statistikada 94 nəfərin yoluxması bizim üçün ümidverici bir haldır". 

Karantin rejimi yumşalandan sonra  həkimlərin həyəcan və narahatlıqlarının daha da artdığını vurğulayan infeksionist  hesab edir ki, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından və karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır:

"Təbii ki, uzun müddət insanları da sərt karantin rejimində, evdə saxlamaq düzgün deyil. Sosial izolyasiya, şəxsi gigiyena və digər karantin  qaydalarına əməl etmək şərti ilə Operativ Qərargahın karantin rejimini yumşaltması məqsədəuyğun idi. Bütün dünya ölkələrində bu proses icra olunur. Səlahiyyətli qurumlar öz tövsiyələrini  verir, özünün və yaxınlarının sağlamlığına önəm verən insanlar da bu qaydalara əməl edir.

Bizim insanlarda isə karantin rejiminin yumşaldılması pandemiyanın yoxa çıxması təsəvvürünü yaradır. Karantin qaydalarına əməl etməyən insanlar təkcə öz həyatlarını deyil, fərqində olmadan  əzizlərinin və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar".