“Seroloji testlərin keçirilməsi vacibdir, çünki... ”

“...Bu testlər vasitəsilə əhali arasında virusa qarşı formalaşmış immunitetin səviyyəsi öyrənilir”

“Bütün vətəndaşları sosial məsafəni qorumağa, maska taxmağa çağırıram”


Ölkəmizdə “COVID-19” pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali arasında seroloji testlərin keçirilməsinə başlanılacaq. Seroloji testlərin keçirilməsi virusla mübarizə strategiyasının vacib bir parçasıdır. Bu istiqamətdə dövlətimiz tərəfindən mühüm addımlar atılır.  
Testlərin aparılmasında əsas məqsəd əhali arasında “COVID-19” xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsini öyrənməkdir. Bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayını müəyyən etmək mümkün olur. Seroloji testlər vasitəsilə əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verir.

Millət vəkili Anar Məmmədov “Sherg.az”a bildirib ki, bu gün koronavirusla mübarizədə dövlətlərin apardığı mübarizə metodlarına, sərt qaydalara, sosial izolyasiya tədbirlərinə baxmayaraq səkkiz aydır virusun yayılmasını lokallaşdırmaq mümkün olmayıb. 
Deputaın sözlərinə görə, proseslərin gedişi də göstərdi ki, situasiya yeni bir yanaşma və daha ciddi addımlar tələb edir:

“Hətta daha yüksək inkişafa nail olmuş dünya dövlətlərinin özündə belə bu virusla mübarizədə çaşqınlıq yarandı. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreyesus də Cenevrədə keçirilən brifinqdə koronavirusa yoluxma hallarının sayının bu həftə 20 milyona, ölüm hallarının sayının isə 750 minə çatacağını proqnozlaşdırıb. ÜST rəhbəri bir daha vurğuladı ki, pandemiya ilə səmərəli mübarizədə iki element son dərəcə vacibdir - liderlər tərəfindən qətiyyətli tədbirlərin görülməsi və vətəndaşlar tərəfindən onlara dəstək göstərilməsi”.

Parlament üzvü vurğulayıb ki, bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər:

“Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronovirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir”. 

Parlamentarinin qənaətincə, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsi məqsədilə seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının vacib bir parçasıdır:

“Çünki bu testlər vasitəsilə əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verəcək. Müqayisə üçün deyə bilərik ki, artıq əhalisi virusa ən çox yoluxan şəhərlərdə - Almaniyada Oldendorf, Çində Uhan, Hindistanda Mumbay, İsveçrədə Cenevrədə 153 min nəfər anticisim testindən keçirilib.

Buna görə də düşünürəm ki, seroloji testlərin ən qısa müddətdə aparılması və nəticələrin əldə olunması zəruridir. Bütün vətəndaşları sosial məsafəni qorumağa, maska taxmağa çağırıram”.