Niyə rus dili, rus bölməsi ? – Tənqidçi “vəziyyət təhlükəlidir” dedi !

“Bu işin arxasında görünməz əllər gəzişir, adam dəhşətə gəlir”

“Valideynlər övladlarını rus bölməsinə yazdırmaq üçün “mücadilə”dədirlər” 

 “İşə rus dili bildiyinə görə qəbul edilən cavanların 99 faizi bu dildə bir abzaslıq mətni yaza bilmir”

“Dil siyasətini təkmilləşdirmək, mükəmməlləşdirmək və praktiki tədbirlər görmək zamanıdır”

“Bütün bunların hamısı isə məktəblərdən qaynaqlanır”



Ölkəmizdə rus dilinə maraq getdikcə artmaqdadır. Rus bölməsinə meyl edən valideyn və şagirdlərin sayının artması günümüzün reallığıdır. Bu seçimdə hər kəsin özünə görə səbəbləri var.
Məsələ burasındadır ki, uşaqlarını rus bölməsinə qoyan ailələrin bəzilərində, ümumiyyətlə, əcnəbi dili bilən olmur. 

Bəziləri hesab edir ki, rus bölməsinə marağın artmasının başlıca səbəbi Azərbaycan bölməsində təhsilin istənilən səviyyədə olmamasıdır. Başqa faktor isə bunun bir dəb halını almasıdır. Ailələri rus dilində təhsilə meyilləndirən əsas səbəblərdən biri rus bölmələrinin müasir tələblərə daha uyğun olmasıdır.
Görəsən, məlum tendensiya niyə yarandı və bu nəyin göstəricisidir? 

Sualımızı cavablandıran tanınmış tənqidçi İradə Musayeva “Sherg.az”a bildirib ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra elə düşünürdük ki, 70, bəlkə də 200 il ərzində bizi öz müstəmləkəsi kimi təzyiq altında saxlayan imperiyalardan canımız qurtardı:

“Dilimiz, dinimiz, tariximiz, maddi, mənəvi sərvətlərimiz güvənli əllərə keçəcək. Bununla da öz taleyimizin sahibi kimi tarix yazacağımıza ümid edirdik. Lakin son 30 ildə təkcə torpaqlarımızı itirmədik, həm də milli dəyərlərimiz, milli  varlıq nişanələrimiz tar-mar edildi. Mədəniyyət, tarix, təhsil sahələrindəki anti-milli tendensiya ilə işləmək prinsipləri bizi daha çıxılmaz vəziyyətə saldı. Xarici ölkələrə daşınan tarixi eksponatlarımız müqabilində xarici ölkələrdən bizim üçün zərərli olan ideya və konsepsiyalar ölkəyə daşındı.
Bu gün bizim “xaric” sevgimizin bir cəmiyyət olaraq ana xəttində dayanan maraq həm də dil məsələsidir – xarici dil. Təbii ki, söhbət xarici dil öyrənmək və o dillərdə danışmaq, o dili öyrətmək prinsipiallığından getmir. Söhbət rus, ingilis, fransız, alman dili lüğətlərinin çox cüzi qismini öyrənməklə, həmin dil daşıyıcıları olan insanları yamsılamaq, onların ədası, jest və mimikası ilə “elit” görünmək yanğısında olan adamların məsələyə cahilcəsinə yanaşma xətasından gedir”.  

İ.Musayeva vurğulayıb ki, son illərdə gündəmin müzakirə mövzusu olan “rus bölməsi” məsələsi yenə də çözülməmiş qalır:

“Valideynlər övladlarını rus bölməsinə yazdırmaq üçün “mücadilə”dədirlər. Hətta şəhər mərkəzindən çox uzaqlarda yaşayanlar iki-üç avtobus dəyişmək naminə olsa belə, uşaqlarını həmin məktəblərə çatdırmaq “qəhrəmanlığı”na razıdırlar. Yetər ki, uşaq rus dilində danışsın, bu dildə şeir deyə bilsin, mahnı oxuya bilsin və s.  
Bu bizim üçün problemdir. Əslində bu məqamda  böyük bir sual çıxır ortaya: Niyə rus dili, rus bölməsi? Azərbaycan dili, Azərbaycan bölməsindəki tədris proqramları, dərsliklər və metodika, müəllimlərin şəxsiyyəti və savad səviyyəsi, oradakı “klassik” rüşvət ənənəsi – nə yaradıb  bu ikrah və imtinanı?”.

Tənqidçi xanımın sözlərinə görə, deputatlar, təhsil ekspertləri adətən eyni şərhləri verir, eyni statistikanı təqdim edərək rus bölməsi marağının qarşısını almaq üçün eyni tədbir metodlarını sadalayır:

“Məsələn, rus bölmələrində təhsili pullu etmək, rusdilli məktəbləri özəl sektora yönəltmək və s. Onların əksəriyyəti düşünür ki, ölkəmizdə belə məktəblər iş adamları və hətta Rusiya dövləti tərəfindən açılsa, yaxşı olar. Yəni təklif edirlər ki, dövlət büdcəmizdən ora pul ayrılmasın və “yad” bir tədris sektoru olaraq iqnor olunsun.  Misal olaraq deyim ki, təhsil eksperti Nadir İsrafilov qeyd edib: “Rusdilli təhsil verən məktəblər ancaq özəl ola bilər. Kimin pulu və həvəsi varsa, belə məktəb aça bilər. Hətta Rusiyanın maliyyələşdirdiyi məktəb ola bilər, problem deyil. Amma dövlətimizin büdcəsindən maliyyələşən məktəblərdə təhsil ancaq dövlətimizin rəsmi dilində olmalıdır”.

Sözsüz ki, bu cür yanaşma qəbuledilməzdir. İnsanların istəklərini öldürmək yolunu deyil, o istəyin anatomiyasını, mahiyyətini, kökündə duran obyektiv səbəbləri araşdırmaq və nəticə çıxarmaq lazımdır”.

İ.Musayevanın fikrincə, hamıda belə bir qənaət yaranıb ki, rus bölməsini bitirən məzunlar daha dürüst davranışlı, daha mədəni və intellektual olur:

“İşə qəbul sorğularından tutmuş, qızaxtarma, gəlin, kürəkən seçmə meyarlarına qədər bütün “anket”lərdə  rusdillilik xüsusi status kimi dəyərləndirilir. Elə bu məqamda onu da qeyd edim ki, işə bu “üstünlük”lə seçilib qəbul edilən cavanların 99 faizi rus dilində bir abzaslıq mətni doğru-düzgün yaza və ya hansısa dilə tərcümə edə bilmir. Bu dildən sadəcə məişət dili səviyyəsində istifadə edənlərin sayı həddindən çoxdur. 
Nəzərə alsaq ki, ölkədə təxminən 4500 məktəb var və bu məktəblərin hardasa 400-ündə təhsil rus dilindədir, eləcə də 1 milyon 500 min şagirddən 100 minə yaxını rus dilində təhsil alır, vəziyyət təhlükəli hesab edilməz. Lakin təsəvvür edin ki, həmin 1 milyon 500 min şagirdin valideyni seçim qarşısında qalsa və imkanı, şəraiti olsa, onların ola bilsin ki, elə yarıdan çoxu rus bölməsini seçsin. Bu havadan ehtimal deyil, istək və valideyn tələbləri, etirazları əsasında gəlinən qənaətdir. Təhsil nazirliyinin ekspertləri onlara bu məzmunda edilən müraciət və şikayətləri analiz etsə, bu faktı təsdiqləyər. Deməli, vəziyyət kifayət qədər təhlükəlidir.

Niyə  doğma dövlət dilimizdən qaçmaq, qurtulmaq, bu dili unutmaq istəyirik? Övladlarımızı yad dillərdə düşünmək, yad ölkələrdə yad insanlarla yad dillərdə bizə yad problemlər, məsələlər barədə danışmaq taleyinə hazırlayırıq? Bütün bunları çox böyük məmuniyyətlə edirik. Bu xəyanət deyilmi? 
Düşünəndə ki, bütün bunları sadə insanlar, orta təhsil təfəkkürü ilə qərar verən valideynlər deyil, daha dərrakəli adamlar, missionerlər edir, bu işin arxasında görünməz əllər gəzişir, adam dəhşətə gəlir. Azərbaycanda ilk rus məktəblərini vaxtilə maarifpərvər ziyalılarımız M.Mahbudbəyov, S.Qənizadə və başqaları ona görə dəstəkləyirdi ki, mollaxana formatında olan primitiv təhsil qəlibi dağıdılsın, millətin beyni, düşüncəsi modern, dünyəvi təhsil sisteminə yönəlsin. Bizdən asılı olan və olmayan, obyektiv və subyektiv səbəblərdən-Rusiyanın müstəmləkə siyasəti və bizim maaarifçilərin Rusiya vasitəsilə Qərbə pəncərə açmaq ideyası və s. “rusdilli azərbaycanlılar”  təbəqəsi yetişməyə başladı”.

Tənqidçi vurğulayıb ki, vaxtilə Dostoyevski Rusiyada aristokrat ailələrin fransız dayələr vasitəsilə fransız dili və mədəniyyəti, tərbiyəsi təlqininə etiraz edirdi. Rus xarakterinin bu yolla necə dəyişməsi, deformasiya olunması, süni yolla “fransızlaşdırılan” uşaqların yarımçıqlıq kompleksinə necə məruz qalmasını mexanizmini  göstərirdi:

“Bildirirdi ki, bu uşaqlar təkcə fransız dilində danışmır, həm də fransız kimi və fransız dilində düşünür. XX əsrin əvvəllərində Bakıda da zəngin ailələrdə, neftxudaların evində fransız dili müəllimi, fransızdilli dayələr saxlanılırdı. Fransız dilindən ana dili qədər geniş istifadə olunurdu. Eləcə də alman dili və alman dayələri məsələsi geniş şəkildə yayılmaqda idi. Bu cür tərbiyə və uşaqböyütmə metodikasının kökündə özünü, kökünü, millətini bəyənməmə jestini aydınca görmək olar. Əlbəttə, yenə vurğulayıram ki, övladlarımıza nə qədər çox xarici dil öyrədə bilsək, onları səyahət üçün nə qədər çox xarici ölkələrə göndərə bilsək, baş ucalığımız olar. Bu davranış bizim sivil, mədəni, dünyagörüşlü valideyn olmağımıza dəlalət edər. Fəqət, problem ondadır ki, biz öz milli, xəlqi obrazımızdan, libasımızdan qurtulmaq həvəsindəyik. Bunun üçün də ilk olaraq dilimizdən imtina planını qururuq. Yad dillərin cazibəsi, estetikası haqqında düşünmək bizim valideynlərin ağlına belə gəlmir, yetər ki, övladları “russkiy sektor”u bitirsin.
Bəli, bu gün həmin süni yolla başqa xalqın qiyafəsinə bürünmək həvəsinin bizim ölkədə  aşıb-daşdığını görürük, təhsil sistemində isə  rus bölməsi üçün müəllimlər çatışmır”. 

İ.Musayeva onu da bildirib ki, Azərbaycan dilində olan dərsliklərin bərbad halda olması, Azərbaycan bölməsi müəllimlərinin böyük əksəriyyətinin öz üzərində işləməməsi, onların müəllim obrazındakı natamamlıqlar, tədris proqramlarının normal şəkildə hazırlanmaması və müasir təhsil proqramlarının tədris prosesinə dəqiqliklə tətbiq edilməməsi problemi ortadadır:

“Təhsil sistemimizin ciddi islahatlara ehtiyacı var. Azərbaycan dilində dərs keçilən müəssisələrdə təlim-tərbiyə mexanizmi yenilənməli, prinsipiallıqla və milli mənafe naminə fədakarlıq göstərilərək inkişaf etdirilməlidir. Təhsil sistemimizdə yeni bir dövr, yeni bir era nəzəriyyəsi, konsepsiyası işlənilib hazırlanmalıdır. Yeni təhsil proqramı əsasında start veriləcək islahatlar sistemində isə ana ideya kimi Azərbaycan dili vasitəsilə Azərbaycanı övladlarımıza sevdirmək məramı dayanmalıdır. Əks təqdirdə məktəblərimiz çoxlu manqurt, yaddaşsız, özünü, milli kimliyini dərk etməyən savadlılar ordusu yetişdirəcək ki, bunun da xalqa, dövlətə, Azərbaycançılığa, müstəqilliyə heç bir faydası dəyməyəcək”.

Tənqidçi həmçinin vurğulayıb ki, bu gün ölkəmizdə rus bölməsini bitirən xeyli sayda vətənpərvər, millətini və ölkəsini sevən, onun elminə, mədəniyyətinə dəyərli töhfələr verən ziyalılar var:

“Lakin bu fakt ümumi mənzərə ilə razılaşmaq üçün səbəb ola bilmir. Yeni Təhsil naziri bu sahədəki problemi kökündən həll etməklə bizim dilin və mədəniyyətin, tarixin gələcək fəci taleyinə də yaxşı mənada müdaxilə etmiş olacaq, tarixi missiyasının dəyərini xidmətini artıracaq. Məsələnin –rusdilli övlad yetişdirmə prinsipiallığının qarşısını zorla, süni təzyiqlərlə deyil, düşünülmüş fundamental tədbirlərlə ala bilsə.

Sözsüz ki, dünyada pis, naqis dil yoxdur, o dilə xəyanət edən, onu gözdən salan, təhrif edən nadürüst dil daşıyıcıları var. Bu cür adamlarla mübarizə aparmaq mənasızdır. Dil siyasətini təkmilləşdirmək, mükəmməlləşdirmək və praktiki tədbirlər görmək zamanıdır. Bütün bunların hamısı isə məktəblərdən qaynaqlanır”.