“Türkiyə ilə münasibətimiz o dərəcədə möhkəmdir ki...”- Münasibət

“Heç bir qüvvə Azərbaycanı müstəqil siyasət yürütməsindən  çəkindirə bilməz”

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng edib. Dövlətimizin başçısı V.Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində işğalçı ölkənin törətdiyi təxribat barədə məlumat verib. Bundan başqa, Azərbaycan lideri Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının ciddi suallar doğurduğunu Rusiya prezidentinin diqqətinə çatdırıb.

Əlbəttə, silahlandırma münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir. Bu azmış kimi, həm də mövcud status-kvonun saxlanmasına xidmət edir. 

Vəziyyəti şərh edən  AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov “Sherg.az”a deyib ki, dövlətimizin  başçısı tam zamanında Rusiya prezidenti Vladimir Putinə zəng etdi. Bu zəng iki dövlət arasındakı münasibətlərin səmimi və açıq inkişaf etməsinə şərait yaratmaqla yanaşı, həm də mövqedə sabitliyi pozmağa istiqamətlənmiş oxşar cəhdlərin qarşısını aldı:

“Nəzərə almaq lazımdır ki, bizim qonşu dövlətlərlə, o cümlədən də Rusiya ilə xoş münasibətlərimiz var. Rusiya ilə bir çox sahələrdə, həmçinin hərbi istiqamətdə strateji tərəfdaşıq.

Lakin Rusiya daxilindəki qüvvələr destruktiv mövqe sərgiləyirlər. Onlar Ermənistandan platforma kimi istifadə etməklə ragiondakı sabitliyi pozmaq, mövcud ab-havanı dəyişmək istəyirlər.

Odur ki, belə bir məqamda dövlət başçımızın Rusiya prezidentinə zəng etməsi milli maraqların müdafiəsinin bariz nümunəsi idi. Dağıdıcı qüvvələrin destruktiv addımlar atmasına rəğmən, Azərbaycanın potensialının onun öz maraqlarını müdafiə etmək gücündə olduğunu bilməlidirlər. Bizim Türkiyə ilə münasibətimiz o dərəcədə möhkəmdir ki, heç bir qüvvə Azərbaycanı müstəqil siyasət yürütməsindən  çəkindirə bilməz”.