İttiham ! - “Son iki ayda ödədiyim işıq pulunu, yenidən göndəriblər” – BİABIRÇILIQ !


“Belə xəbərlərin çoxalması ciddi araşdırmaya ehtiyac yaradır” 

“Əlaqədar orqanlar şikayətləri diqqətlə izləməli və onlara müvafiq cavab verməlidirlər”


Son günlər vətəndaşlara elektrik xərclərinin çox gəlməsinə dair ciddi narazılıqlar var. Bəzi iddialara əsasən elektrik enerjisi  “şişirdilir”. Şikayətçilər işıq pulunun artıq gəldiyini iddia edirlər.
Məsələn, tədqiqatçı Sərxan Carçı bu barədə öz feysbuk hesabında yazıb: 
“Bu nə biabırçılıqdır?! Son iki ayda ödədiyim 13 və 12 manat işıq pulu borcumu toplayıb, təzədən bu ayın borcu kimi üstümə göndəriblər. Yoxsa korrupsioner məmurların dövlətə vurduğu ziyanı bizdən çıxartmaq istəyirlər?!”
Zaman-zaman sosial şəbəkələrdə də  bununla bağlı məlumatlar yer alır. Vətəndaşlar əlavə gələn işıq pulu qəbzinin şəklini çəkərək şəxsi səhifələrinə yerləşdirirlər. “Azərişıq” ASC isə belə şikayətlərin hər il olduğunu bildirərək iddiaları təkzib edir.

İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a açıqlamasında bildirib ki, bu məsələnin obyektiv tərəfləri də ola bilər. Amma belə xəbərlərin çoxalması ciddi araşdırmaya ehtiyac yaradır. İqtisadçının sözlərinə görə, obyektiv tərəflər dedikdə onu nəzərdə tutur ki, sms-lə çölə çıxmaq yeni ləğv olunub, karantin rejimi hələ də davam edir, insanlar çox zaman evdə olurlar. Onda elektrik enerjisinin artımı mümkündür:



“Belə bir ehtimal var. Çünki havalar isti keçirdi. Kimin evində kondisioner varsa, istifadə olunurdu bu zaman elektrtik enerjisinin çox gəlməsi ehtimalı var. Amma kütləvi şəkildə və dəfələrlə təkrarlanan narazılıq varsa, əlaqədar dövlət orqanlarının yoxlama aparması və əhaliyə məlumat verməsinə ehtiyac var. Həqiqətən hansısa texniki problem varsa, bununla bağlı aidiyyəti dövlət qurumları tədbir görməlidirlər”. 

N.Cəfərli qeyd edib ki, karantin dönəmində bir çox ölkələrdə kommunal xidmətlərlə bağlı güzəştlər tətbiq olunub:

“Təəssüf ki, Azərbaycanda belə güzəştləri görmədik. Sadəcə elektrik enerjisinin üst limitinin artırılması ilə bağlı qərar oldu. Lakin kommunal xidmətlərə yardım kimi addımlar atılmadı. Vətəndaşların alıcılıq qabiliyyətinin və gəlirlərinin aşağı düşməsini nəzərə alaraq kommunal xidmətlər həssas mövzuya çevrilib.

Əlaqədar dövlət orqanları da bu mövzuya həssas yanaşmalı, vətəndaşlardan gələn şikayətləri diqqətlə izləməli və onlara müvafiq cavab verməlidirlər”.