“Rusiya Ermənistanı silahlandırır ! – “Beynəlxalq hüquqa ziddir” 


“Çünki satılan silahlardan Azərbaycanın mülki vətəndaşlarına qarşı istifadə olunur”

“Rusiyanın qeyri-səmimi münasibəti Azərbaycanın düşünməsinə gətirib çıxarır”

“Prezident  İlham Əliyevin Putinə zəngi, Ermənistana silah satılmasına dair Rusiyadan hesabat tələb etməsi ətrafında regionun problemlərinin də nəzərdən keçirilməsi baş tutdu”



Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Bəllidir ki, ölkə başçısı hər zaman beynəlxalq arenada Azrbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir. Məlum telefon danışığında da bu məqamlar yer alıb. Bir sözlə, Rusiyanın Ermənistanı silahlandırmasının Azərbaycanda narahatlıq doğurduğu diqqətə çatdırılıb.

Çünki bu açıq-şəkildə işğalçı ölkəyə  dəstəkdir. Silahlandırma münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir. Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun  ATƏT Minsk Qrpunun həmsədri statusuna, üzərinə düşən öhdəliklərə ziddir. Eyni zamanda həmsədr dövlətlər - ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməliyi prinsipinə uyğun gəlmir.

Bu mənada Minsk qrupunun  üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmədyi ortadadır. Belə olan halda isə müxtəlif alternativlər meydana çıxır. Həmin alternativ budur ki, ATƏT-in MQ buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalıdır. Bu təşkilatda təmsil olunan Türkiyə həmsədr ölkə qismində  prosesə cəlb edilməlidir. 

Prosesləri şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert  Əziz Əlibəyli “Sherg.az”a bildirib ki, mövzunu Dağlıq Qarabağ konteksindən dəyərləndirsək, burada təkcə Rusiyanın deyil, BMT və Fransanın da mövqeyinə baxmalı olacağıq:

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində bu mövqeləri koordinasiya edən ATƏT-in fəaliyyətinə nəzər yetirməliyik. Rusiya ATƏT-in həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında cavabdeh tərəflərdən biridir. Amma Ermənistana silah satır. Bunun zamanlaması da çox qəribədir. Məhz ayın 17-dən etibarən silah satışına başlandı.

Tovuz istiqmətində gedən aktiv döyüş əməliyyatları dayandırıldıqdan bir gün sonra məhz bu satış həyata keçirildi. Hətta cənab Prezidentin telefon zəngində də bu fakt qeyd olundu.

400 ton ağırlığında silahın verilməsi hansı məqsədləri daşıyır? Belə bir halda Azərbaycana qarşı bu silahdan istifadə olunursa, silahdan istifadə zamanı beynəlxalq humanitar hüquq prinsipləri pozulursa, müharibənin aparılması qaydaları tapdalanırsa, bu, bütövlükdə cinayətdir.

Bunu Ermənistan həyata keçirir. Amma cinayətin həyata keçirilməsini təşkil və təşviq edən, Azərbaycana qarşı effektiv reaksiya göstərsin deyə Ermənistanı silahlandıran məhz Rusiyadır. Bunlar nə Rusiya-Azərbaycan, nə də Türkiyə-Rusiya münasibətlərinin səmimiyyətinə uyğundur”.

Ə.Əlibəyli qeyd edib ki, Rusiya Azərbaycana qarşı qeyri-səmimi münasibət sərgiləyir:

“Bu silahlandırma beynəlxalq hüququn prinsiplərinə uyğun olmalı idi. Amma Rusiya bu prinsiplərə əməl etmədi. Çünki satılan silahlardan Azərbaycanın mülki vətəndaşlarına qarşı istifadə olunur.

Rusiyanın qeyri-səmimi münasibəti Azərbaycanın düşünməsinə gətirib çıxarır. Prezident  İlham Əliyevin zəngi, Ermənistana silah satılmasına dair Rusiyadan hesabat tələb etməsi ilə yanaşı, regionun problemləri də nəzərdən keçirildi”.