Belarusdakı proseslərdə Rusiya “barmağı”... – “Putin əhalini qıcıqlandırır”

“Amma Moskva Belarusa asanlıqla “bata bilməyəcək”

“Ukraynadan fərqli olaraq Belarus parçalanmayıb, mərkəzləşmiş dövlətdir»

“Rusiya əvvəlki gücünü itirib. Odur ki, Putin Ukraynada elədiklərini Belarusda edə bilməyəcək”



Belarusun paytaxtı Minskin müxtəlif hissələrində müxalifət tərəfdarları toplaşmağa başlayıblar. Onlar “Canlı zəncirlər”, xüsusilə, “Puşkinskaya” və “Kamennaya qorka” metrostansiyalarının, həmçinin MUM-un yaxınlığında etiraz  aksiyası keçiriblər. Çoxu etiraz aksiyasında ölənlərin xatirəsinə hörmət əlaməti kimi gül-çiçək dəstələri gətirib. Bütün bu narazılıqlar onu deməyə əsas verir ki, həqiqətən, Lukaşenkoya qarşı böyük qəzəb var.
Deməli, politoloqların “Avropanın sonuncu diktatoru” adlandırdıqları siyasətçinin yaxın vaxtlarda “taxtından düşməsi” də gözləniləndir. 

Belarusdakı durumu “Sherg.az”a şərh edən politoloq Əhəd Məmmədli qeyd edib ki, proseslərdə Rusiyanın “barmağı” görünür: 



“Düzdür, Minskdə ciddi narazılıqlar var. Amma heç də hər kəs Lukaşenkodan narazı deyil. Proseslər tədricən səngiyir. Məncə, Belarus əhalisini Putin qıcıqlandırır. Qərbin məsələyə ehtiyatla yanaşması da məhz bununla bağlıdır. Yəni vəziyyət heç də göründüyü kimi deyil”.

Ə.Məmmədlinin fikrincə, Rusiya Belarusa asanlıqla “bata bilməyəcək”:

“Lukaşenko ağıllı siyasətçidir. Nə etdiyini yaxşı bilir. Həm də Ukraynadan fərqli olaraq parçalanmayıb, vahid, mərkəzləşmiş dövlətdir. Üstəgəl, Rusiya da əvvəlki gücünü itirib. Odur ki, Putin Ukraynada elədiklərini Belarusda edə bilməyəcək”.