Akar Bakıdan dünyaya mesaj verdi

Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək mübarizəsində 83 milyonluq Türkiyə olaraq qardaşlarımızın yanındayıq

Türkiyə-Azərbaycan birliyi Cənubi Qafqazda sülhü, əmin-amanlığı qorumaq üçün ən vacib amildir


Bakıda səfərdə olan Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Türkiyə-Azərbaycan birgə təlimlərinin iştirakçıları ilə görüşü zamanı növbəti dəfə ermənilərə və onların himayədarlarına mesaj verib. Akar bildirib ki, Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında, işğalçı Ermənistanın qarşısındadır. Qardaş ölkənin müdafiə naziri Ermənistanın bir müddət əvvəl Tovuz rayonunda həyata keçirdiyi hücumu şiddətlə pislədiklərini bəyan edib:

“Çox açıq şəkildə bildirmək istəyirəm ki, Xocalıda bütün dünyanın gözləri qarşısında soyqırımı edən, Dağlıq Qarabağı heç bir hüquqi əsası olmadan və qanunsuz şəkildə işğal edən Ermənistana qarşı bütün gücümüzlə, sonadək Azərbaycanın, azərbaycanlı hərbçilərin yanındayıq. Azərbaycan yalnız deyil. Azərbaycanın haqlı mübarizəsinə olan dəstəyimiz bundan sonra da davam edəcək. Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək mübarizəsində 83 milyonluq Türkiyə olaraq qardaşlarımızın yanındayıq”. 

Müdafiə nazirimiz Zakir Həsənov da qeyd edib ki, Azərbaycan ordusu Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə öz vəzifəsini yerinə yetirəcək. Nazir vurğulayıb ki, Türkiyə ilə Azərbaycan eyni millətdir, eyni din, dil və mədəniyyətə sahibdir. Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biridir və bu bizim şansımızdır:

“Şansımız budur ki, güclü ordu ilə təcrübə paylaşırıq. Türkiyə Silahlı Qüvvələri bu gün bütün dünyaya öz gücünü göstərib - Suriyada, İraqda, Liviyada. İnşallah, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri də öz vəzifəsini yerinə yetirəcək. Millətimizin silahlı qüvvələrinin də zamanı gələndə öz vəzifəsini yerinə yetirəcəyinə əminəm”.

Türkiyə generalitetinin Azərbaycana səfərini və Hulusi Akarın mesajlarını “Şərq”ə şərh edən millət vəkili Asim Mollazadə deyib ki, bir müddət əvvəl Prezident Rəcəb Tayyib Ərdoğanın və XİN rəhbəri Mövlud Çavuşoğlunun söylədiklərini eyniylə Türkiyənin müdafiə naziri də bəyan etdi. Deputatın sözlərinə görə, bu mesaj mühüm bir məqamın göstəricisidir:

“Azərbaycan və Türkiyə “bir millət, iki dövlət” düsturu ilə öz münasibətlərini daha da gücləndirir. Çoxşaxəli əməkdaşlıqlarımızı ciddi təməl üzərində formalaşdırırıq.

Təbii olaraq, ilk növbədə təhlükəsizlik sahəsində əməkdaşlığa önəm verilir. Türkiyə-Azərbaycan birliyi Cənubi Qafqazda sülhü, əmin-amanlığı qorumaq üçün ən vacib amildir. Türkiyə ilə Azərbaycan bir çox böyük strateji layihələr həyata keçirir.

Qardaş ölkə həm bu layihələrin təhlükəsizliyini təmin etmək, həm də Azərbaycanın müstəqilliyinə yarana biləcək hansısa təhlükəyə qarşı çıxmaq üçün bütün resursları ilə rəsmi Bakının yanındadır.

Müdafiə naziri cənab Hulusi Akarın söylədiyi açıq ifadələr bunu bir daha təsdiqləyir. İkitərəfli münasibətlərin daha da inkişafı naminə gələcəkdə fərqli istiqamətlərdə əməkdaşlıq edəcəyimizə heç bir şübhə yoxdur”.