Məhərrəm İncə kölgəli siyasət yeridir

"Görünür, arxasında müəyyən güclər dayanır və onu idarə edirlər"

Türkiyənin Cümhuriyyət Xalq Partiyasından ayrılıb yeni partiya qurmağa hazırlaşan siyasətçi Məhərrəm İncə CHP daxilində ona qarşı baş verən ayrıseçkiliklərdən danışıb. İncə partiyasını sərt tənqid edib. Seçki prosesi zamanı CHP-də ona yaxın adların siyahıdan çıxarıldığını və seçilməməsi üçün partiya qərargahının əlindən gələn hər şeyi etdiyini bildirib: “Teviziyaya reklamlarımı göndərmirdilər və bu psixologiya altında mən mitinq keçirirdim. Bununla belə dünya siyasət tarixinin ən böyük mitinqini təşkil etməyə müvəffəq olurdum.

Əhvalımı pozmaq üçün əllərindən gələni edirdilər. Posterlərimi az asırdılar, təşkilatlara maliyyə ayırmırdılar, qələbə qazanmamağım üçün əllərindən gələni edirdilər”. İncə yeni quracağı partiya haqqında da danışıb:

“Bu gün başladığımız hərəkatın adı “Min gündə vətən hərəkatı”dır. Onun heyəti vacib insanlardan ibarətdir. Heyətimiz və sözlərimizlə qələbəyə hazırlaşırıq. Bu hərəkat öz gücünü millətimizdən alacaq. Sivas Konqresinin 4 sentyabr ildönümündə Sivasda olacağıq və ölkə hərəkatına başlayacağıq. Hərəkatımızda heç vaxt Atatürk düşmənləri olmayacaq. Bu hərəkat ağıl və elmə söykənəcək. İrq, dil və din ayrıseçkiliyinə qəti şəkildə qarşı çıxacağıq”.

Məhərrəm İncənin ana müxalifət partiyasından ayrılaraq müstəqil yol qət etmək niyyətini “Şərq”ə təhlil edən politoloq Qabil Hüseynli CHP təmsilçisi Məhərrəm İncəni yaxından tanıdığını deyib. Ekspertin sözlərinə görə, İncə CHP-yə layiq, əqidəli siyasətçi deyil:

“Məhərrəm İncə uzun müddətdir öz hərəkətləri və sözləri ilə pozuculuqla məşğuldur. O, Cümhuriyyət Xalq Partiyasının yaxşılıqlarını dəyərləndirmək mədəniyyətindən uzaqdır. CHP Məhərrəm İncəni prezidentliyə namizəd olaraq irəli sürərkən bütün resursları ilə onun yanında dayandı, dəstək verdi. Başda partiya sədri Kamal Kılıçdaroğlu olmaqla on minlərlə üzv İncə üçün küçələrə düşdü, təbliğatını apardı.

Ancaq İncə bütün əməyi yerə vurdu və seçki bitdikdən dərhal sonra partiya rəhbərinin mövqeyini gözləmədən qələbə qazanmış siyasi rəqibini təbrik etdi. Əlbəttə, seçki mübarizəsində qalib rəqibin təbrik edilməsi gözəl jestdir. Amma təmsil etdiyi partiyanın qərarına məhəl qoymadan bu cür hərəkət etmək partiya etikasına ziddir”. 

Q.Hüseynli vurğulayıb ki, Məhərrəm İncə seçkidən sonrakı hərəkətləri ilə CHP-nin fəaliyyətinə şübhəli şəkildə kölgə salmağa başlayıb:

“Əslində onun siyasi çəkisi o qədər də çox deyil. Xeyli vaxtdır özünə yaxın bildiyi Qaradəniz bölgəsini “yalquzaq” kimi tək gəzərək tərəfdar toplamağa çalışır. Ankaranın mərkəzində çox təmtəraqlı ofis tutaraq CHP əleyhinə fikirlər səsləndirir, partiya sədri Kamal Kılıçdaroğlunu gözdən salmağa cəhd edir. Mən İncənin Atatürk və Cümhuriyyət sevgisinə də inanmıram. O, bu məsələlərdə səmimi deyil. Görünür, arxasında müəyyən güclər dayanır və onu idarə edirlər”.