"Rusiya işğalçı Ermənistanı fasiləsiz silahlandırır"

Hikmət Babaoğlu: "Bu əsla yolverilməzdir"

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.  Azərbaycan Prezidentinin Mətbuat xidmətindən  verilən  məlumata görə,  ölkə başçısı iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatın detalları  barəsində Rusiya prezidentini məlumatlandırıb.  Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.
Dövlət başçısı həmçinin toqquşmalar başa çatandan sonra Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

Məsələ ilə bağlı "Şərq"ə açıqlama verən millət vəkili Hikmət Babaoğlu Azərbaycanın milli marqlarına təsir edən hər bir məsələnin Prezident İlham Əliyevin xüsusi nəzarətində olduğunu deyib. Onun sözlərinə görə, bununla əlaqədar dövlət başçısı tərəfindən  istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldırılır, onların həllinə nail olunur. 

Deputat həmçinin hazırkı mürəkkəb gesotrateji vəziyyətdə istər beynəlxalq münasibətlər sistemində, istərsə də regionumuzdakı kritik şərtlər içərisində milli maraqların qorunmasının strateji əhəmiyyət kəsb etdiyini və olduqca aktual olduğunu deyib: "Son hadisələr bir daha təsdiq etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev milli məsələlərdə və milli maraqların qorunmasında qətiyyət nümayiş etdirməklə ölkəmizin hərbi-siyasi maraqlarını qoruyur, milli maraqlarımızın təmin edilməsində prinsipiallıq nümayiş etdirir.

Elə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə baş tutan sonuncu telefon danışığında bir sıra mühüm məsələlərə toxunması və onların aydınlaşdırılmasını istəməsi milli maraqlarımızın qorunması baxımından olduqca vacibdir. Məsələ ondadır ki, artıq uzun müddətdir ki, Rusiya işğalçı Ermənistanı fasiləsiz olaraq silahlandırır. Bu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi boyu daima davam edib. Hətta 1997-ci ildə general Lev Roxlin o zaman olduqca böyük miqdar hesab olunan 1 milyard dollarlıq silahın Rusiyadan işğalçı Ermənisatana pulsuz olaraq verilməsini ifşa etmişdi. 2020-ci ilin 12-16 iyil tarixində Ermənistan ordusunun iki ölkə arasındakı sərhəd xəttində yaratdığı hərbi-siyasi təxribatdan sonra isə bəlli olur ki, Rusiya Ermənistanı silahlandırmaqda yenə də davam edir. Bu əsla yolverilməzdir".

Millət vəkilinin sözlərinə görə,  Rusiyanın işğalçı ölkəni silahlandırması hər şeydən öncə beynəlxalq hüquqa ziddir. Eyni zamanda  ATƏT-in Minsk Qrupunun həmsədri kimi onun üzərinə götürdüyü missiyaya uyğun deyil  və ən nəhayəti, bu ölkənin regionumuzdakı tarixi-siyasi və mənəvi məsuliyyətinə ziddir:

"Ermənistanın silahlandırılması onun Azərbaycan torpaqlarını işğal etməsinə dəstək vermək deməkdir. Bundan başqa regiondakı status-kvonu legitimləşdirmək cəhdidir və nəhayət, strateji müttəfiq kimi Azərbaycanın milli maraqlarını görməzdən gəlməklikdir ki, bunların heç birinin nə hüquqi, nə siyasi bəraəti ola bilməz. Əgər Minsk Qrupu öz missiyasını həyata keçiriə bilmirsə, o zaman həmsədrlərin əvəzlənməsi və Minsk Qrupuna üzv olan ölkələrdən digər başqaları həmsədrlik missiyasını öz üzərinə götürməlidir.

Bu rola ən uyğun ölkə isə regionda tarixi-siyasi və mənəvi məsuliyyəti olan Türkiyə Cümhuriyyətidir.  Hələ Minsk Qrupu formalaşarkən əslində Türkiyənin həmsədrlərdən biri olması olduqca ciddi şəkildə müzakirə olunmuş, lakin təəssüf ki, baş tutmamışdı. Ona görə də Rusiya Federasiyası hazırkı mürəkkəb tarixi mərhələdə onsuz da mürəkkəb hesab edilən Cənubi Qafqaz regionunda işğalçı Ermənistanı silahlandırmaqla vəziyyəti bir qədər daha da gərginləşdirməməli, tam əksinə, problemin həllinə məhz indi heç olmadığı qədər yardım etməyə çalışmalıdır. İşğalın davam etməsi təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Rusiyanın cənub sərhədlərində vəziyyəti gərginləşdirə biləcək potensiala sahibdir ki, bu da əsla nə Rusiyanın, nə də Azərbaycanın maraqları baxımından arzuedilən deyil".