Rusiya dərk etməlidir ! – “Daha güzəşt dilində danışılmayacaq !”

“Rusiyanın  Ermənistana hədiyyə etdiyi silahlar Azərbaycana qarşı çevrilirsə, rəsmi Bakı buna seyrçi qalmayacaq”

“Putinə zəngin başqa bir mesajı da bu idi: Türkiyə ilə münasibətlərimizə mane ola bilməzsiniz və xarici təcavüz təhlükəsi ilə qarşılaşdıqda biz daha yaxın olacağıq”


Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Bəllidir ki, ölkə başçısı hər zaman beynəlxalq arenada Azrbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir. Məlum telefon danışığında da bu məqamlar yer alıb. Bir sözlə, Rusiyanın Ermənistanı silahlandırmasının Azərbaycanda narahatlıq doğurduğu diqqətə çatdırılıb. Çünki bu açıq şəkildə işğalçı ölkəyə  dəstəkdir. Silahlandırma münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir. Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun  ATƏT Minsk Qrpunun həmsədri statusuna, üzərinə düşən öhdəliklərə ziddir. Eyni zamanda həmsədr dövlətlər - ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməliyi prinsipinə uyğun gəlmir.

Bu mənada Minsk qrupunun  üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmədyi ortadadır. Belə olan halda isə müxtəlif alternativlər meydana çıxır. Həmin alternativ budur ki, ATƏT-in Minsk qrupu buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalıdır. Bu təşkilatda təmsil olunan Türkiyə həmsədr ölkə qismində  prosesə cəlb edilməlidir. 



Siyasi liderlər arasındakı telefon danışığını “Sherg.az”a şərh edən politoloq, BDU-nun professoru Əlimusa İbrahimovun fikrincə, bu, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan tərəfinin qətiyyətli mövqeyindən xəbər verir: 

“Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinə zəng etməsi və telefon söhbəti zamanı müzakirə edilən məsələlər mütəxəssislərin diqqətini cəlb edib. Bu məsələ Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan  mətbuatında geniş şərh olunmaqdadır. Səbəb yenə də Ermənistan mövzusudur və Rusiyanın Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə dəstək verməsidir. Məlum olduğu kimi, Rusiyadakı müəyyən qüvvələr Azərbaycanla Türkiyənin hərbi sahə də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq etməsini qısqanclıqla qarşılayır. Ermənilərə işğalçılıq siyasətində dəstək verirlər.  İyul müharibəsi bitməmiş Rusiyadan yeni silah və sursat partiyasının göndərilməsi Azərbaycan rəhbərliyinin səbr kasasını doldurdu. Azərbaycan  Prezidenti öz  rusiyalı həmkarına haqlı etirazını bildirdi. Bununla da dövlətimizin başçısı bir daha sübut etdi ki,  Azərbaycan torpaqların azad edilməsi istiqamətində heç bir ölkəylə güzəşt dilində danışmayacaq. Rusiya ilə münasibətlərimiz nə qədər yaxın olsa da, Dağlıq Qarabağ məsələsində tutduğu mövqeyə görə biz nəticə çıxarırıq. Rusiya Ermənistana silah hədiyyə edirsə və bu silahlar Azərbaycana qarşı çevrilirsə, Azərbaycan buna heç zaman seyrçi qala bilməz və qalmayacaq. Artıq Rusiya Prezidenti Vladimir Putin bu həqiqəti dərk etməlidir ki, həll olunmamış münaqişələrdən təzyiq vasitəsi kimi istifadə etməyin sonu yaxınlaşır.  Putinin bu üsulu 20 il bundan qabaq işə yaraya bilərdi. Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada tarixin müəyyən dövründə “parçala və hökm sür” siyasəti uğur qazana bildi. Amma artıq beynəlxalq arenaya yeni münasibət formaları çıxır və siyasi məsələlərə yeni prizmalardan baxılır”. 

Ə.İbrahimovun fikrincə, indiki situasiyada Rusiyanın bircə optimal variantı var:

“Azərbaycan Prezidenti telefon görüşməsi zamanı həm Rusiyaya, həm də Ermənistana öz mesajlarını çatdırdı: Türkiyə ilə münasibətlərimizə mane ola bilməzsiniz və xarici təcavüz təhlükəsi ilə qarşılaşdıqda biz daha yaxın olacağıq. Təbii ki, İlham Əliyev arxasında xalq və yanında qardaş Türkiyə dövlətinin yardımını görərək Putinlə bu cür ciddi söhbət apardı. Rusiya artıq başa düşməlidir ki, Azərbaycan torpaqları nə qədər tez işğaldan azad olunsa, regionun əmin-amanlığı bir o qədər tez təmin olunar.  Rusiya xeyirxah qonşu imicini qazanar. Prezidentimiz bu telefon danışığı ilə rus xalqına da müəyyən ismarıclar göndərdi: Rusiya xalqının min bir əziyyətlə hazırladığı silah-sursat ermənilərə hədiyyə edilir və bununla da böyük rus xalqı erməni işğalçılarının qarşısında işləyir. Təbii ki, dövlət rəhbərləri diplomatik münasibətlərdə geniş tətbiq olunan telefon danışıqlarından mütəmadi istifadə edir, müxtəlif regional və ikitərəfli məsələləri müzakirə edirlər. Azərbaycan və Rusiya prezidentləri də tez-tez telefon danışıqları aparırlar”

Professor, həmçinin söyləyib ki, silah daşınmasındakı vasitəçi dövlətlər bundan sonrakı davranışlarına diqqət etməlidirlər:

“Söhbət haqqında verilən məlumat və Azərbaycan Prezidentinin qardaş Türkiyə Respublikasında olan hərbçilərlə görüşü zamanı etdiyi qeydlər Rusiya Prezidentinin Azərbaycanın narahatlığını başa düşməsindən xəbər verir. Eyni zamanda Qazaxıstan, Türkmənistan və İranın da nəzərinə çatdırıldı ki, onlar da Ermənistanın Azərbaycana qarşı silahlandırılması prosesində rol alırlar. Xüsusən İran sabah ona qarşı yönəlmiş hərbi aksiyalar zamanı Azərbaycanın  ərazisindən istifadəyə yol verməməyə çağıranda bu gün etdiklərindən utansın. İki Prezident arasındakı telefon danışığı ölkələr arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Ümid edirik ki, bu söhbətdən həm Rusiya , həm də Ermənistanda lazımi nəticə çıxaracaqlar”.