“Hərbi xidmət keçməyənləri dövlət qulluğuna işə götürmürlər”

“Orduda xidmət etmək təkcə vətəndaşlıq borcu yox, həm də mənəvi bir hiss olmalıdır”

"Amma Azərbaycan gəncləri arasında xüsusi təbliğat işlərinə ehtiyac yoxdur"

"Tovuz döyüşləri zamanı gördük ki, gənclərimiz əllərinə silah alıb döyüşməyə hazırdırlar"


Otuz ildir ki, müharibə şəraitində yaşayırıq. Son vaxtlar baş verən hadisələr, o cümlədən Tovuz hadisələri bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapa, işğal altındakı torpaqlarımıza qayıdanadək hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi prioritet olmalıdır. Əslində vəziyyət yaxşıdır. Yeniyetmələrimizin, gənclərimizin əksəriyyəti elə bu dəqiqə hərbi xidmətə yollanmağa, sözün əsl mənasında düşmənə qan uddurmağa hazırdır. Amma müharibə şəraitində olduğumuz bir vaxtda bu göstərici ən yüksək səviyyəyə qalxmalıdır.

Təəssüf ki, hərbi xidmətdən yayınmaq istəyən, min bir cəhdlə özlərini “yararsız” kimi qeydə aldıranlar var. Bəlkə də, belələrini vətəndaş hesab etmək olmaz. Axı vətən sərhəddən başlayır. Sərhəddinin qayğısına qalmayan necə vətəndaş ola bilər?! 


 Dünya ölkələrində vəziyyət başqa cürdür- hərbi xidmət ya məcburidir- kasıbına, varlısına baxmadan hər kəs vətənə borcunu yerinə yetirməlidir, ya da bunun əvəzinə, rəsmi qaydada ordunun büdcəsinə vəsait ödəməlidir. Azərbaycanda isə bəziləri qeyri-qanuni yollardan istifadə edirlər. 

Bu mənfi tendensiya barədə “Sherg.az”a danışan hərbi psixoloq Azad İsazadə səbəbləri açıqlayıb:

“Belə hallar əvvəllər daha çox idi. İndi nisbətən azalıb. Çünki əsgərlikdə olmaq istəməyənləri dövlət qulluğuna işə götürmürlər. Ona görə də əksəriyyət hərbi xidmətə getməyə maraqlıdır. Hətta bunu arzuladığı halda səhhətinə görə orduda xidmət edə bilməyənlər də var. Amma, əlbəttə, xidmətdən yayınmaq barədə düşünənlər yenə də tapılır.

Onların bir qismi oxuyanlar, ya da iş yerlərini itirmək istəməyənlərdir. Bəziləri isə sadəcə narahatdır. Bu məsələni həll etməkdən ötrü hərbi hissələrlə bağlı indi tək-tük yayılan neqativ xəbərlər, o cümlədən “dedovşina” məqamlarını kütləviləşdirməmək lazımdır. Belə məlumatlar həm gənci, həm də onun valideynlərini qorxudur.

İkincisi isə cəmiyyətdə hərbçinin statusu artırılmalı, qazilərə, müharibə iştirakçılarına yüksək güzəştlər, bonuslar verilməlidir. Həmçinin peşəkar döyüşçülərlə gənclərin görüşləri də arzuolunan effekt verər”. 

A.İsazadənin fikrincə, hərbi xidmət məsələsində müxtəlif variantlar üzərində düşünülə bilər: 

“Dünya təcrübəsində “alternativ qulluq” anlayışı var. Müxtəlif səbəblərdən, o cümlədən dini mənsubiyyətinə görə, orduda xidmət etmək istəməyənlər xəstəxana, qocalar evi kimi müəssisələrdə ağır işlərdə çalışırlar. Müddət isə bir il əvəzinə, üç il olur. Bizdə bunu tətbiq etmirlər. Səbəb kimi müharibə şəraitində olduğumuzu göstərir, hər kəsin orduda xidmət etməli olduğunu deyirlər. 

Amma, məncə, həmin təcrübədən Azərbaycanda da istifadə edilməlidir. Orduya, döyüşə qorxa-qorxa getməkdənsə, getməmək yaxşıdır. Bundan savayı,  ABŞ-da hərbi xidmət könüllülük prinsipi əsasında həyata keçirilir. Orada çağırış məntəqələri yoxdur. Hərbi xidmətdə olanlara isə bütün sahələrdə, o cümlədən tədrisdə xüsusi bonuslar verilir.

Təsadüfi deyil ki, Amerika ordusundakı hərbçilərin 70-80 faizi könüllülərdən ibarətdir. Bir də var, qarışıq ordu. Yəni orduda həm muzdlu döyüşçülər, həm də gənc çağırışçılar xidmət çəkirlər. Adətən gənclər hərbi hissələrdə hazırlanır, müqavilə yolu ilə döyüşənlər, daha təcrübəlilər isə ön cəbhəyə buraxılırlar. Zənnimcə, sadaladığım variantlar əsasında düşünməyə dəyər.

Onu da deyim ki, Azərbaycan gəncləri arasında xüsusi təbliğat işlərinə ehtiyac yoxdur. Biz Tovuz döyüşləri zamanı gördük ki, yeniyetmə və gənclərimiz əllərinə silah alıb döyüşməyə hazırdırlar.

Sacəcə bir səbəb, qığılcım lazımdır. Həm də xidmətdən boyun qaçırmaq istəyənlər həmişə olub və olacaq. Lakin haqqında danışdığımız mənfi tendensiyanı minimumma endirə bilərik. Orduda xidmət etmək təkcə vətəndaşlıq borcu yox, həm də mənəvi bir hiss olmalıdır”.