Hüquq müdafiəçisi hiddətləndi: "Bəs vicdan harda qaldı?!”

“Virusa yoluxmuş adamın yaşayış yerini tərk etməsi başqalarının həyatına real təhlükə deməkdir”

“Bu, ləyaqət, cəmiyyətə münasibət məsələsidir”



Yaşayış yerini tərk edərək digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradan virusa yoluxmuş daha bir nəfər məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Abşeron rayon Polis İdarəsinə COVID-19 infeksiyasına yoluxmuş şəxsin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avqustun 11-də saat 18 radələrində virusa yoluxmuş İsmayıllı rayon sakini A.Hüseynov karantin rejimi qaydalarını pozaraq idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhərindən Şamaxı rayonu istiqamətində hərəkət edərkən Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda saxlanılıb. Polis əməkdaşları onu Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil veriblər. 

Belələrinə nə ad vermək olar? Onlar, deyəsən, özlərini yoluxdurmaqla kifayətlənməyib, ətrafdakılara da xəstəliyi keçirmək istəyirlər. 

Hüquq müdafiəçi Novelle Cəfəroğlu hər an partlamağa və yüzlərlə insanın həyatına son qoymağa hazır belə məsuliyyətsizlərlə bağlı “Sherg.az”a fikirlərini bildirib:

“Bu cür məqamlarda cəmiyyəti düşünmək, nəinki tanıdıqlarının, hətta tanımadıqlarının da gələcəyinin qayğısına qalmaq lazımdır. Lap tutaq ki, qayda-qanun yoxdur. Bəs insanlıq, vicdan harda qaldı? Bir də ki, dövlət lazımi addımları atır, cəza tədbirlərini görür. Amma bu, ləyaqət, cəmiyyətə münasibət məsələsidir”.