Saziş qüvvəyə mindi ! - “İki qardaş ölkə vətəndaşları rahatlıqla gediş-gəliş edə bilərlər”

“Gələcəkdə Türkiyədən Azərbaycana gələnlərinin sayının artacağını ehtimal edirəm”

“Ümumiyyətlə, adı çəkilən saziş tərəflər arasındakı qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlər vəd edir”


Bu il fevralın 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş” qüvvəyə minib. Sazişə əsasən, qarşılıqlı olaraq Azərbaycan və Türkiyə vətəndaşları bir-birinin ərazisinə daxil olmaq, tranzit keçmək, ölkədən getmək və müvəqqəti qalmaq üçün 90 gün müddətinə viza tələbindən azad edilirlər. Müvafiq ölkə ərazisində 90 gündən artıq müddətə qalmaq istəyən şəxslər müvəqqəti yaşama icazəsi almaq üçün əvvəlcədən müraciət etməlidirlər.

Hər iki ölkə vətəndaşlarına məxsus pasportlar müvafiq ölkə ərazisinə giriş tarixindən etibarən azı 6 ay etibarlılıq müddətinə malik olmalıdır. Hər iki ölkə vətəndaşları milli qanunvericilikdən irəli gələn qayda və prosedurlara riayət etməlidirlər. Azərbaycanda 15 gündən artıq müvəqqəti olan Türkiyə vətəndaşları olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Vizadan azad etmə işləmək və ya hər hansı peşə fəaliyyəti ilə məşğul olmaq hüququ vermir.
Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən Türkiyə vətəndaşlarına mövcud qaydalara uyğun olaraq, işəgötürənlər tərəfindən iş icazəsi alınmalıdır (iş icazəsinin alınması tələb olunmayan hallar istisna olmaqla).
Sazişin 13 avqustdan etibarən qüvvəyə minməsi ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətləri aradan qaldırmır.



Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov bu barədə “Sherg.az” fikirlərini bildirib. O, düşünür ki, sözügedən saziş hər iki ölkənin xeyrinədir:

“Mən son 10-15 ildəki çıxışlarımda dəfələrlə bu mövzuya toxunmuşam. Düzdür, o vaxt şərait yox idi. İndi isə vəziyyət düzəlib. Əlbəttə, belə bir sazişin imzalanması iki ölkə arasındakı miqrasiyanı sürətləndirəcək, miqrantların sayını artıracaq.

Artıq iki qardaş ölkə vətəndaşları rahatlıqla gediş-gəliş edə bilərlər.
Gələcəkdə Türkiyədən Azərbaycana gələnlərinin sayının artacağını ehtimal edirəm. Ümumiyyətlə, adı çəkilən saziş tərəflər arasındakı qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlər vəd edir”.