Mingəçevirdə kampus layihəsi başlanılır

Almaz Həsrət: "Peşə təhsilində yüksək kadrların hazırlanması daim diqqətdə saxlanılmalıdır"

Bu il Mingəçevir Dövlət Universiteti və Mingəçevir Peşə Məktəbinin birgə kampusunun layihələndirilməsi işlərinə start veriləcək. Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib. Onun sözlərinə görə, hazırda peşə təhsili müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi və infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində bir sıra işlər həyata keçirilir. P.Yusifov qeyd edib ki, növbəti ildə Xaçmaz Peşə Məktəbində yeni istixananın, Quba Peşə Liseyində dəmirçi emalatxanasının, Qax Peşə Liseyində dəmirçi və dülgər emalatxanalarının, həmçinin yenidən qurulmuş Bərdə Peşə Liseyinin tələbələrin ixtiyarına verilməsi planlaşdırılır.

Cəlilabad Peşə Təhsil Mərkəzinin tikintisi, Lənkəran Peşə Təhsil Mərkəzinin layihələndirmə işləri davam edir: "Bu il Mingəçevir Dövlət Universiteti və Mingəçevir Peşə Məktəbinin birgə kampusunun layihələndirilməsi işlərinə də start veriləcək. Bu da sənaye üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, ali və peşə təhsili müəssisələri arasında əməkdaşlığın qurulması prizmasından çox vacib layihədir".

Respublikanın Əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət “Şərq”ə açıqlamasında ölkəmizdə bu il start veriləcək birgə kampus layihəsinin təqdirəlayiq addım olduğunu bildirib. Ekspert hesab edir ki, bu nə qədər gecikdirilmiş olsa da, çox önəmli bir layihədir:

“Peşə təhsili ölkədə iqtisadiyyatın inkişafı üçün önəmlidir. Bu səbəbdən vətəndaşların peşə təhsilinə yönəldilməsi çox vacibdir. Belə layihələrin icrası ölkəmiz üçün çox təqdirəlayiqdir. Peşə təhsilində yüksək kadrların hazırlanması daim diqqətdə saxlanılmalıdır. Düşünürəm ki, kampus layihəsi tədqiq olunmalıdır. Əminəm ki, sonda mükəmməl nəticələr əldə edəcəyik. Burada ən vacib məqamları da yadda saxlamaq və onlar üzərində daim işləmək lazımdır. Ən vacib məqamlar hansılardır? Birincisi, maddi-texniki bazanın təmin olunması. Dövlət peşə məktəblərimizdə bir sıra çatışmazlıqlar var ki, onların aradan qaldırılması üçün sənaye müəssisələri ilə sıx əməkdaşlıq etmək lazımdır.

Yəni bunlar üçlük təşkil etməlidir. Bu zaman peşə təhsilində ixtisaslı kadrların yetişdirilməsinə nail olmaq olar. İkincisi, kadr hazırlığı ilə bağlıdır. Gəlin belə düşünək. Bu gün dövlət məktəblərində sırf maşının düzəldilməsi, kompüterlərin və ya müəyyən avadanlıqların sıradan çıxdığı zaman onu düzəldə biləcək müəllim varmı? Çox təəssüf ki, azlıq təşkil edir.

Çünki peşə məktəblərimizdə müəllim heyəti yalnız nəzəri biliklərə yönəldilib. Bu səbəbdən də bu layihənin icrası zamanı kadr hazırlığı mükəmməl olmalı, onlar üzərində ciddi işlər həyata keçirilməlidir”.

Ölkəmizdə ali məktəblə peşə məktəbinin birgə kampusunun layihələndirilməsi zamanı bölgə məsələsinə də diqqət yetirilməsinin önəmli olduğunu vurğulayan Almaz xanım hansı bölgələrdə çatışmazlıqlar varsa, ona uyğun proqramların hazırlanmasının vacibliyini qeyd edib: “Bu layihənin icrası zamanı müəyyən kontingentlər nəzərə alınmalıdır.

İstərdim ki, Azərbaycanın hər tərəfindən bu layihənin bir hissəsi təşkil olunsun. Onda əminliklə deyə bilərik ki, hansı bölgəmizdə nələrə ehtiyac var. Bu da iqtisadiyyatımızın birbaşa dirçəlməsinə gətirib çıxaracaq”.