Mətbuat ictimai nəzarəti tam yerinə yetirə bilər

"İmkan yaradılmalıdır ki, jurnalistlər ictimai nəzarət funksiyasını sərbəst yerinə yetirə bilsin"


Demokratik cəmiyyətin əsas məqamlarından biri dövlət qurumları və məmurlar üzərində ictimai nəzarətin təşkil olunmasıdır. Bu istiqamətdə Kütləvi İnformasiya Vasitələrinin üzərinə böyük yük düşür. Prezident İlham Əliyev müntəzəm olaraq öz çıxışlarında bu məsələlərə toxunur, hər dəfə vətəndaşları ictimai nəzarəti təşkil etməyə, ona dəstək olmağa çağırır.
Dövlət başçısının dəfələrlə media nümayəndələrini özünün köməkçisi adlandırması, jurnalistlərin yaydığı məlumatlar vasitəsilə problemli məsələlərlə tanış olduğunu vurğulaması çox təqdirəlayiq haldır. Həqiqətən mətbuat ictimai fikrin formalaşmasında mühüm rol oynayır.

Xüsusən, cəmiyyətimizin bütün sahələrində kadr və struktur islahatlarının reallaşdırıldığı, mühüm iqtisadi dəyişikliklərin baş verdiyi bir dövrdə vətəndaşlarımızın üzləşdikləri problemləri bildirmək, şikayətlərini lazımi orqanlara çatdırmaq istiqamətində mediamız xüsusi aktivlik nümayiş etdirməlidir. Ümumiyyətlə, bütün sahələrdə ictimai nəzarət olmalıdır.

Çünki ictimai nəzarətin düzgün təşkili hər bir məmurun konstitusiya, qanunlar və digər normativ aktlara əməl etməsini təmin edir, qəbul olunmuş qərarların həyata keçməsi üçün təşkilati iş aparılır, yaranmış problemlərin həlli üçün praktiki addımlar atılır. Güclü ictimai nəzarət olan yerdə şəffaflıq və hesabatlılıq təmin olunur. O səbəbdən cəmiyyəti, insanları narahat edən məsələlər yalnız inzibati orqanların, rəhbər təşkilatların ümidinə buraxılmamalıdır.

Xatırladaq ki, ötən ayın 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə də ölkə başçısı buna bənzər fikirlər səsləndirmiş və dövlət qurumlarının mətbuatla sıx işləmələrinin vacibliyini vurğulamışdı: “Vətəndaş cəmiyyəti nümayəndələri də bu işlərdə fəal olsunlar.

Sizin bəlkə də görə bilmədiyiniz məsələləri onlar diqqətə çatdıracaqlar. Media nümayəndələrini cəlb edin. Hesab edirəm ki, geniş mətbuat konfransı keçirilməlidir. Ümumiyyətlə, bütün dövlət qurumları mətbuatla çox sıx əlaqədə olmalıdır. Görülmüş işlər haqqında müntəzəm olaraq məlumat verməlidirlər”.

Göründüyü kimi, Azərbaycan Prezidenti tərəfindən medianın ictimai nəzarət mexanizmini həyata keçirməsi yönündə açıqlamalar tez-tez verilir. Bu, dövlət başçısının mediaya verdiyi önəmin göstəricisi olmaqla yanaşı, həm də hökumətə, məmurlara da mətbuatla sıx işləmək, açıq olmaq barədə bir mesajdır. Əfsuslar olsun ki, bir sıra hallarda medianın ictimai nəzarət funksiyasını həyata keçirməsinə maneçilik törədən amillər üzə çıxır. 

İctimai nəzarətdə medianın oynadığı rolu “Şərq”ə dəyərləndirən “Novoya vremya” qəzetinin baş redaktoru Şakir Ağayev deyib ki, ölkə Prezidenti dəfələrlə Azərbaycan jurnalistlərinin onun ən yaxın köməkçiləri olduğunu bəyan edib.

Baş redaktor vurğulayıb ki, dövlət başçısı bu sözləri ilə onu nəzərdə tutur ki, Prezident daha mühüm işlərlə məşğul olduğu üçün ölkədə hər xırda məsələyə nəzarət etmək imkanı yoxdur. Bundan ötrü dövlətin müvafiq strukturları var və onlar ölkə rəhbərinin sərəncamlarını vaxtlı-vaxtında icra etməlidir. Ancaq əfsuslar ki, bəzi qurumlar vəzifələrinin öhdəsindən layiqincə gələ bilmirlər. Belə məqamlarda neqativ halları üzə çıxartmaq kütləvi informasiya vasitələrinin üzərinə düşür:

“Qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti də nəzarət funksiyasını yerinə yetirir, lakin problemləri mətbuat kimi işıqlandıra, ictimaiyyətin diqqətini həmin məsələyə yönəldə bilmirlər. Medianın əlində geniş imkanlar, müasir texnoloji üsulları var. Qəzetlər, sayt və portallar hər hansı çatışmazlığı ortaya çıxararaq onu uzun müddət gündəmdə saxlaya bilir. Problemin həllinə nail olana kimi məsələni diqqətə saxlayır. Bəs, Azərbaycan mətbuatı ictimai nəzarət funksiyasını bütün şərtləri ilə tam yerinə yetirə bilirmi?

Düşünürəm ki, hələ yox. Ona görə yox ki, mətbuatımız buna qadir deyil, mediamız çox gözəl və yüksək səviyyədə ictimai nəzarət funksiyasını icra etmək gücündədir. Problem başqadır. Hansısa neqativ hal müəyyən olunduqda, media onu cəmiyyətə təqdim etməlidir ki, ölkə başçısı məsələdən agah olsun və problemin həlli üçün təlimat versin.

Əgər məsuliyyətsizlik edənlər varsa, cəzalandırılsın. Ancaq bəzi məmurlar jurnalistlərə öz işlərini görməyə imkan vermir, medianın fəaliyyətinə mane olurlar. Düzdür, hər sahədə olduğu kimi jurnalistikada da çatışmazlıqlar var. Media aləmində jurnalist peşəsindən sui-istifadə edənlər mövcuddur. Vəziyyət elədir ki, kim istəsə özünə sayt açıb, “jurnalist” adına iddia edə bilər.

Çox zaman isə bu, qazanc mənbəyinə çevrilir. Buna çoxları “reket jurnalistika” deyirlər, amma mən “dilənçi jurnalistika” adlandırıram. Lakin Azərbaycan mətbuatı bunlardan ibarət deyil. Ümumiyyətlə, o cür şəxslərin həqiqi mediaya dəxli yoxdur”. 

Ş.Ağayevin sözlərinə görə, ölkəmizdə Prezidentimizin qəbul etdiyi və gündəlik izlədiyi ciddi mətbuat orqanları var:

“Əfsuslar ki, ölkə başçısının qəbul etdiyi və oxuduğu mətbuat orqanları bəzi dövlət qurumlarından lazımi informasiyanı ala bilmir. Bir sıra qurumların mətbuat xidmətlərinin işi özlərinə sərf edən formada hazır press-relizlər göndərməkdir.

Halbuki, gün ərzində dövlət qurumlarına müxtəlif problemlərlə bağlı çoxsaylı suallar ünvanlanır, sorğular göndərilir. Əksəri cavabsız və reaksiyasız qalır. Suallarımıza cavab verməyən hazır press-relizlər kimə, nəyə lazımdır?! Press-reliz qurum tərəfindən görülən işləri əks etdirir. Jurnalistin sualı isə görülməyən işlərlə bağlıdır.

Əgər Azərbaycan jurnalistikası bu məlumatlarla tam təmin olunarsa, yüksək səviyyədə ictimai nəzarəti reallaşdıra bilər və bunun da müsbət nəticəsi olar. Dövlət başçısı deyirsə ki, mətbuat onun köməkçisidir və bəzi problemləri mediadan öyrənir, deməli, bütün məmurlar bundan nəticə çıxarmalıdır. Belə çıxır ki, bəzi məmurların maraqlarına cavab vermədiyi üçün medianın ictimai nəzarətinə imkan yaratmırlar. İstəmirlər ki, gördükləri qara işlərdən xalq və dövlət başçısı xəbər tutsun”.

Baş redaktor vurğulayıb ki, mətbuat cəmiyyətin güzgüsüdür: “Medianın dövlət qurumlarının fəaliyyətinə haqlı müdaxilə etmək ixtiyarı var. Prezident sərəncamlar verir və dövlət qurumları icra edir. Media məhz həmin sərəncamların hansı formada yerinə yetirilməsinə nəzarət edir, neqativ hal gördüyü zaman isə müdaxiləyə ehtiyac yaranır. Görünür, bəzi qurumlar tam nəzarətsiz qalmaq istəyirlər. Zənn edirlər ki, heç kim onlara “gözün üstə qaşın var” deyə bilməz.

Mətbuata vətəndaşdan şikayət gəlirsə, məmurun qanunsuz əməli ilə bağlı narazılıq bildirilirsə, jurnalist bunu işıqlandırmalı və müvafiq qurumla əlaqə saxlamalıdır. Medianın işi elə müdaxilə etməkdir. Prezident də mətbuatdan tələb edir ki, qurumlara, proseslərə, islahatlara nəzarət funksiyasını yerinə yetirsin”. 

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də “Şərq”ə deyib ki, son dövrlərdə müəyyən dövlət qurumları media ilə işləməkdən və mətbuatın suallarını cavablandırmaqdan bir çox hallarda çəkinirlər. Yaxud da gec cavablandırırlar ki, gecikmiş informasiyanın da artıq heç bir əhəmiyyəti qalmır:

“Azərbaycanda “ictimai iştirakçılıq haqqında” qanun qəbul olunub. Qanuna əsasən, ayrı-ayrı dövlət qurumlarının yanında ictimai nəzarət şuraları formalaşdırılıb. Təəssüf ki, nə qanunvericilik aktı, nə də şuralar ictimai nəzarətin təmin edilməsinin tələblərinə cavab vermir. Bu qurumların böyük əksəriyyətində şuraya seçilən insanlar bəzi hallarda bizə bəlli olmayan formada seçilirlər. Yaxud həmin şəxslərin cəmiyyətə və informasiya vasitələrinə açıqlığı faktiki olaraq təmin olunmur.

Belə şuralarda KİV nümayəndələri əksər hallarda təmsil olunmurlar. Problemlərdən biri budur. Digər tərəfdən ictimai nəzarət şuralarının seçilməsinin mexanizminin özü bir sıra problemlər yaradır. Şuraların formalaşdırılması ilə bağlı fərqli şəffaf mexanizmlər var və şuralar seçki yolu ilə formalaşdırıla bilər. Bu cür mexanizmlərin təşkili mümkündür. Yaxud bütövlükdə qəzet redaksiyaları, jurnalist təşkilatları, yaxud internet media resurslarının təşkilatlarının birgə rəyi əsasında ümumi səs toplamış şəxslər həmin şuralara göndərilə bilər. Əslində burada problem dövlət qurumları ilə KİV arasındakı münasibətlərdən daha çox ictimai nəzarət mexanizmlərinə maneçilik törədən süni əngəllərdir. Bunların aradan qaldırılması da yalnız hüquqi müstəvidə mümkündür. Qənaətimə görə, məhz bu kontekstdən qanunvericilik təşəbbüsü ilə çıxış edilməsinə ehtiyac var”. 

“Azxeber.com” saytının baş redaktoru Əfsələddin Ağalarov da qəzetimizə bildirib ki, Azərbaycanda uğurlu kadr islahatları aparılır və xüsusən də dövlət idarəçiliyinə gənclər cəlb olunur. Təbii ki, bu proses yaxın gələcəkdə də davam edəcək. Baş redaktorun sözlərinə görə, Prezident çıxışlarında hər zaman bu məsələyə xüsusi diqqət yönəldir:

“Azərbaycanda kadr bankının yaradılması, gənc kadr potensialının artırılması istiqamətində işlər görülür, yeni innovativ layihələr hazırlanır. Məsələn, “Yüksəliş” layihəsi kadr islahatları çərçivəsində atılmış ən uğurlu addımlardan biridir. Əlbəttə, müsbət nəcitə əldə etmək üçün sadəcə kadr islahatları kifayət etmir. Paralel olaraq ictimai nəzarət funksiyasının da həyata keçirilməsi çox vacibdir. İctimai nəzarətdə isə ən böyük rolu media oynayır. Əlbəttə, jurnalistikamız bu funksiyanı icra etməkdə acizlik yaşamır.

Amma görüləcək işlər çoxdur və kifayət qədər problemlərimiz var. Xüsusən internet media ilə bağlı boşluqlar tezliklə doldurulmalı, xüsusi layihələr hazırlanmalıdır. Layihələrin hədəf kütləsi isə dövlət qurumları ilə internet media arasındakı münasibətlər olmalıdır. Dövlət qurumlarında xüsusi kadrlar mətbuatla işi düzgün qurmalıdır. Yaxşı olar ki, qurumlardakı ictimaiyyətlə əlaqələr şöbələrinə sosial media təcrübəsi olan insanlar gətirilsin.

Reallıq odur ki, dövlət orqanlarında ictimaiyyətlə əlaqələr işinə cəlb olunan şəxslərin bəziləri ölkədə ictimai-siyasi proseslərə təkan verən media orqanları ilə əlaqə yarada bilmirlər. Nəticədə media ilə dövlət qurumları arasında soyuqluq, məsafə yaranır. Bu məqam isə medianın ictimai nəzarət funksiyasını yerinə yetirməsinə böyük əngəllər törədir. Ona görə də dövlət qurumlarının rəhbərləri mətbuatla iş şöbəsinə cəlb etdikləri adamların potensialını diqqətə almalıdır.

İmkan yaradılmalıdır ki, jurnalistlər ictimai nəzarət funksiyasını sərbəst yerinə yetirə bilsin. Əksər qurumların mətbuat xidmətinə televiziya aparıcıları təyin olunur və həmin orqanlar adətən telekanallarla əməkdaşlıq edirlər. Halbuki, bu gün ictimai prosesləri televiziyalar yox, məhz internet saytları, sosial media aparır”.