Antimilli şuraçılar hakimiyyəti şərləməkdən çəkinmirlər

"Siyasi hakimiyyətə iddialı olan şəxslərin belə bir leksikonla cəmiyyətdən dəstək ummaları çox absurddur"

Antimilli ünsür kimi ad çıxaran bəzi müxalifətçilər xalqın onlara, təmsil olunduqları dərnək tipli təşkilatlara etimadsızlığını görüb, daha da radikallaşırlar. Onlar bu uğursuzluğun səbəbini özlərində axtarmaq əvəzinə, günahı xalqın, o cümlədən cəmiyyətin ayrı-ayrı fərdlərinin üzərinə yıxır, konstruktiv mövqe nümayiş etdirən, hər hansı uğura imza atan şəxsləri hədəfə alırlar.

Ötən gün “Milli Şura” adlı radikal qrupun “zoom konfransı”ndan yeni videogörüntülər yayılıb. Marginallar qrupunu xatırladan onlayn toplantıların az qala hər birində ya özlərini ifşa edir, ya da xalqa, dövlətçiliyə qarşı aqressiv münasibətlərini ortaya qoyurlar. Yayılan son videoda isə müxalifətin “professoru” xalqı aşağılamaqdan belə çəkinməyib.

Kadrlardan göründüyü kimi, “Milli Şura”çılar tapşırıq əsasında trolluq fəaliyyəti ilə məşğul olduqlarını özləri də etiraf edirlər. Belə ki, Vahid Məhərrəmli Əli Kərimli ilə əlaqə saxladığını, ondan təlimat aldığını etiraf edib: “Əli bəyin vəziyyəti yaxşıdır, deyir istirahət eləyir, ümid edir ki, biz sosial şəbəkələrdə komanda kimi daha yaxşı işləyəcəyik. Sağ olun ki, siz də, cəbhəçilər də Əli Kərimlinin müsahibələrindən, sözlərindən kəsib ayrıca statuslar yazdınız, plakatlar təşkil olundu. İndi orada kimin statusuna nə qədər layk gəldi-gəlmədi, bu, elə də əhəmiyyətli deyil, əsas odur yazdıq”. 

“Zoom konfransı”nda çıxış edən qaragüruhçuların səviyyəsiz zarafat və fikirləri, toplantını lağlağı məclisinə çevirmələri xüsusilə diqqət çəkib. Məsələn, Vidadi Mirkamal lağ obyektinə çevrilən Rahim Hacıyevə, onun kəlləsinə sataşaraq bildirib:

“Rahim, kameranı düz tut, ancaq təpəni görürük. Başında maraqlı bir şey də yoxdur”. O, daha sonra anti-milli şuranın “ağsaqqalı” Cəmil Həsənliyə Amerika barədə sual ünvanlayıb: “Cəmil müəllim, orada vəziyyət necədir, karantin necədir, amerikalılar necə gözləyirlər karantin qaydalarını, karantin yoxdur bəyəm onlarda?”. Okeanın o tayından boylanan “professor” isə cavabında bildirib: “Var, sadəcə bizimkilərdən fərqli olaraq buradakı adamlar özləri şüurludurlar”.
 
Özünü müxalifətin “ağsaqqalı” hesab edən bir şəxsin Azərbaycan xalqını şüursuz adlandırması və başqa bir milləti azərbaycanlılardan üstün tutması “zoom”dakı dostları tərəfindən razılıqla qarşılanıb və heç kim bu sarsaq fikirlərə iradını bildirməyib. Əksinə, susmaqla onlar da belə mənfur düşüncə sahibi olduqlarını bir növ təsdiqləyiblər.

Göründüyü kimi, budəfəki iclas da digərləri kimi çox “ciddi” və “səviyyəli” keçib. Ümumiyyətlə, “Milli Şura” xalqın deyil, Azərbaycan xalqının və dövlətinin düşmənlərinin ölkəmizdəki maşası olub.

Elə bu səbəbdən də xalq 2013-cü ildə mayası xaricdən olan antimilli “şura”ya birmənalı “yox” dedi. Bu ünsürlər dövlətimizin, xalqımızın ağır gününə sevinməkdən belə özlərini saxlaya bilmirlər. Hər kəs xatırlayır ki, antimilli “şura”nın şousunda Gültəkin Hacıbəyli neftin qiymətinin 14 dollara düşməsinə görə sevinirdi. İclasda “Gözünüz aydın, neft artıq 14 dollara düşüb, məni təbrik edin” – deyirdi. C.Həsənli isə “Bu, son hədd deyil də, yoxsa təbrik edərdim, gözləyək axıracan düşsün, sonra təbrik edərəm” - deyə cavab verirdi. Antimilli “şura”nın həyasızlaşmış varlıqları bir şeyi unudurdular ki, neftin qiymətinin düşməsi, gəlirlərin azalması hər bir vətəndaşın ziyanınadır. Bir də Azərbaycan xalqının gəlirlərinin azalmasına yalnız düşmənlərimiz - ermənilər sevinər. Bu xəbəri eşitdikdən sonra onların sevinmələri isə dövlətə və xalqa olan kinlərinin bariz nümunəsidir. Elə bu yaxınlarda yayılmış “Milli Şura”nın növbəti şousunda Qənimət Zahidin “bizim işimiz hakimiyyəti şərləməkdir”, Vahid Məhərrəmlinin isə “xalq elə başa düşsün ki, biz onların qayğısını çəkirik” demələri qeybətxana yuvasının əsl mahiyyətini üzə çıxarmağa kifayət edir. 

“Milli Şura”nın hiddətə səbəb olan bütün videoları sosial şəbəkələrdə ciddi müzakirələrə və narazılığa səbəb olub. İctimaiyyət daim “milli şuraçı”ların səsləndirdiyi fikirlərə etiraz edib və özünü müxalifət adlandıran marginalların xalqa bu cür münasibətini kəskin qınayıblar. 

Millət vəkili Cavid Osmanov hesab edir ki, “Milli Şura” üzvlərinin növbəti videokonfrans formatındakı iclası çox gülünc və aşağı səviyyəli müzakirə predmetləri ilə yadda qaldı. Deputatın sözlərinə görə, küçə psixologiyası ilə siyasətlə məşğul olan qrupun səviyyəsi ancaq bu cür ola bilərdi:

“Siyasi hakimiyyətə iddialı olan şəxslərin belə bir leksikonla cəmiyyətdən dəstək ummaları çox absurddur. Öz aralarında belə normal üslub tapa bilməyən bu qondarma qurum üzvlərinin ictimai təfəkkürdə özlərinə necə yer qazanacaqları əslində bəllidir.

Müasir cəmiyyətlərdə siyasi hakimiyyətə iddialı şəxslərin digər opponentlərinə nisbətən daha praqmatik, cəlbedici mövqedən çıxış etmələrini müşahidə edirik. Yeniləşən və müasir çalarları öz həyat ahənginə çevirən cəmiyyətimizdə isə təəssüf və təəccüb doğuran qruplaşmalar hələ də qalmaqdadır. 90-cı illərin əvvəllərində öz siyasi platformalarını ortaya qoymuş və cəmiyyət tərəfindən rədd edilmiş köhnə konyukturanın tör-töküntüləri hələ də “biz varıq” prinsipindən qurtula bilmirlər. “Milli Şura” və onun ətrafına cəm olmuş 3-5 nəfərin siyasi riyakarlıqla məşğul olmaları və az qala təsərrüfat mövzularını, öz aralarındakı gülünc ritorikanı gündəmə çevirmələri təəssüf hissi yaradır.

Bu radikal qrup üzvləri cəmiyyətə aqressiyanı, hiddəti aşılamaqla öz məqsədlərinə çatacaqlarını zənn edirlər. Lakin hər toplantıları ilə özlərini daha da rüsvay edərək, xalqın nəzərindən tamamilə qiymətsiz hala gəlirlər.

“Şura”nın sonuncu şousunda da siyasi əxlaqa sığmayan, qüsurlu leksikonları ilə ənənəvi müxalifətçiliyin nə dərəcədə zərərli bir tendensiya halına gəldiyini isbat etmiş oldular. “Milli Şura”çılar heç vaxt Azərbaycan cəmiyyətində özlərinə yer və dəstək tapa bilməzlər. Xalqımız onları çoxdan tarixin tozlu arxivinə atıb”.