Xarici serial gəldi, rəqabət güclənəcək

Bu həm də aktyorlarımız üçün əlavə iş yeri deməkdir

Xəbər verdiyimiz kimi Milli  Televizya və Radio Şurası  efir məkanımızda sentyabrın 1-dən etibarən əcnəbi serialların yayımlanması haqqında qərar qəbul edib.  Bunun yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması  və daha keyfiyyətli milli telefimlərin, serialların ərsəyə gəlməsi məqsədilə  qəbul olunduğu  bildirilib.  Eyni zamanda yeni qərarın ardından bir sıra məsələlər müzakirə olunub. Xarici serialların yayımlanmasının yerli kinolara təsir edəcəyi söylənilib.  

Bu barədə “Sherg.az”a danışan tanınmış rejissor Oqtay Əliyev  söyləyib ki, qərarda kanalın gün ərzində 1 saat xarici, qalan 4-5 saatda da yerli serialların yayımlanması qeyd olunub: 

“Bu da o deməkdir ki, kanalımızda Azərbaycan seriallarının göstərilməsi  mütləqdir və hamısı öz yerində qalacaq. Həm də aktyroların bəziləri  (hamısnı demirəm) üçün əlavə iş yeri açılacaq. Çünki  həmin filmləri, serialları dublaj edəcəklər”.

Oqtay Əliyev həmçinin bildirib ki, serial sektoruna vəsait ayrılsa pis olmaz:

"Bilirəm, vəziyyət ağırdı, pandemiya, iqtisadiyyat, neftin qiyməti, bunların hamısını başa düşürəm. Amma büdcədə artıq vəsait qalsa, onun televiziyada serialların çəkilişi üçün verilməsi yaxşı olardı. 2012-ci ildə də düşüncəm belə idi".