Qəhrəmanlarımız oxunur

"Polad Generalımız" kitabı yenidən çap olunacaq

"General Polad Həşimov haqqında hazırlanan kitab həddindən artıq oxucunun diqqətini çəkib. Demək olar ki, əlimizdə "Polad Generalımız" kitabından  məhdud sayda qalıb".

Bu sözləri "Şərq"ə açıqlamasında  “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu bildirib. Kitabın  2000 tirajla çap edildiyini xatırladan naşir böyük bir hissəsinin ən müxtəlif şəxslər tərəfindən əldə edildiyini deyib: "Generala həsr olunan kitabı oxumaq istəyən  şəxslər redaksiyamıza gələrək  bir-iki nüsxə götürüblər. Təşkilatlara isə daha  çox sayda kitab göndərmişik. Kitab yekunlaşmaq üzrə olsa da, əldə etmək istəyən insanlar  nəşriyyata gələrək  qalan nüsxələri əldə edə bilərlər". 
Ş.Xuduoğlunun sözlərinə görə, əldə qalan nüsxələr bitəndən sonra oxucu tələbatını nəzərə alaraq  "Polad Generalımız" kitabının yenidən  çap olunması  istisna deyil:

"Bizim əsas niyyətimiz şəhid generalımızla bağlı xatirələri bir araya toplayaraq ildönümünə qədər daha  təkmil və planlı şəkildə nəşr etməkdir. 

Həmin  kitab da  oxumaq istəyən şəxslərə pulsuz olaraq veriləcək. Polad Həşimova həsr olunan kitabın satışa çıxarılması və ondan mənfəət güdülməsini doğru hesab etmirəm.  Bizim əsas məqsədimiz gəlir əldə etmək yox, Poladın göstərdiyi qəhrəmanlıq nümunəsinin daha geniş kütləyə çatdırılması və gələcək nəsillərə ötürülməsidir. Qoy gələcək nəsil Poladdan örnək götürsün!".

Qeyd edək ki, “Qanun” Nəşrlər Evi tərəfindən hazırlanıb 2000 nüsxə ilə buraxılan nəfis tərtibatlı kitab  özündə generalımızın uşaqlıq illəri, kursant olduğu illər, zabit həyatı, xidmət dövrü, əsgərlərə münasibəti, ailəsinə münasibəti haqqında onu tanıyanların, birgə xidmət keçdiyi insanların, ailə üzvlərinin xatirələrini əks etdirir. Nəşriyyat hesabına çap olunan kitabın “Məktəblilər üçün liderlik dərsləri” seriyasına daxil edilməsi təsadüfi deyil. Bəli, şagirdlərimizi, gənclərimizi vətənpərvər ruhda yetişdirmək üçün nümunəvi hərbçi həyatı sənədlərə və  faktlara istinad edilərək təqdim və təbliğ edilməlidir.