Zamanla proses dəyişəcək

Birdən-birə NATO standartlarına keçmək mümkün deyil

"Hərbiçilərimizin ancaq rus hərbi sistemi ilə hazırlanması barədə deyilənlər reallığı əks etdirmir. Türkiyədə hərbi lisey və hərbi ali məktəbi bitirən "N" qədər hərbiçilərimiz var. Hətta onların arasında yüksək rütbəli   zabitlərimiz də var". 
Bu sözləri "Şərq"ə açıqlamasında hərbi ekspert Azad İsazadə deyib. 

Hazırda rus hərbi təhsil sisteminə yiyələnib ölkəmizdə xidmət edən zabitlərin də kifayət qədər olduğunu vurğulayan ekspert hesab edir ki, zamanla bu proses dəyişəcək: "Birdən-birə Azərbaycanın NATO standartlarına keçməsi və rus hərbi təhsil sistemindən tamamilə imtina etməsi mümkün deyil. Çünki  Qarabağ münaqişəsinin həlli məsələsində Rusiyanın hərbi və siyasi təzyiqləri  həddindən artıq çoxdur". NATO standartlarının kifayət qədər mühüm proqram olduğunu vurğulayan hərbi ekspertin sözlərinə görə, bu proqram bir neçə yüz ton sənədlərdən ibarətdir: "Bu standartlara keçib proqramı  mənimsəmək  isə kifayət qədər vaxt tələb edir. Türkiyənin hərbi təhsil sistemi bu proqramın sadəcə  bir hissəsini əhatə edir. Odur ki, hərbiçilərimizin NATO standartlarını mənimsəməsi və bu sistemə keçid üçün onilliklər lazımdır. Bir qərarla baş tutacaq məsələ deyil".