ÇAĞIRIŞ: “Məscidlərlə bağlı qərara sayğı göstərmək lazımdır"

“Məscid kütləvi ibadət üçün tikilmiş yerdir”

"Əgər bu gün kütləvi toplaşma hər hansı ciddi fəsadlara səbəb olacaqsa, bundan təbii ki, çəkinmək lazımdır”



"İstər hansısa xəstəlik olsun, istər digər məsələlər, fərq etməz. Hər bir halda dövlətin qanunlarına sayğı göstərmək lazımdır".

Bu sözləri "Sherg.az"a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov deyib.

İlahiyyatçı bildirib ki, məscid kütləvi ibadət üçün tikilmiş yerdir:

"Əgər bu gün kütləvi toplaşma hər hansı ciddi fəsadlara səbəb olacaqsa, bundan təbii ki, çəkinmək lazımdır. Hər bir məzhəbin ayinlərinə sayğı göstəririk. Lakin bu o demək deyil ki, demokratik bir cəmiyyətdə hər bir din və ya məzhəb nümayəndələri istədikləri özbaşınalığı edə bilər. Əslində mən ilahiyyatçı kimi modern cəmiyyətdə dini aiyinlərin dəyişməsinin tərəfdarıyam. Texnologiyanın, elmin inkişaf etdiyi dönəmdə sinə vurmaq, mərsiyə demək, baş yarmağın heç bir əhmiyyəti yoxdur. Dini xürafat və cəhalət baş alıb gedir. Sosial şəbəkələrdə Aşura ilə bağlı şüarlar yalnız xürafat və cəhalətdən irəli gəlir. Nadanlıq və cəhalət içində batan toplumu yüz il öncə Məhəmməd Hadi bu şəkildə bəyan edib:

Nə istedadi-hürriyyət, nə də irfanımız vardır,
Dəyərsiz, xeyrisiz yüz min sürü nadanımız vardır.

Yüz ildən sonra da bu formada olacağına şübhə etməyin. Cənnətdə mömin kişilərə "huri", möminə xanımlara "qılman" veriləcəyini deyən toplumdan nadanlıq və cahillikdən başqa nə gozləmək olar?!".

R.Məmmədov bildirib ki, elmin, texnologiyanın inkişaf etdiyi bir dönəmdə dinimizdən başqa hər şey tərəqqi etdi:

"Müasir texnologiyanı əlində gəzdirən, evinə cehiz kimi alan din xadimi hələ də köhnə fikrində qalmaqdadır. Elm ve texnologiya evimizə, məktəblərimizə, məscidlərimizə qədər girdi, lakin dinimizə yol açmadı. Təəssüflər olsun ki, dinimiz cəhalət əsarətindən cixa bilmir. Axı bu din insanların inkisafına rövnəq verdiyi halda necə ola bilər ki, özü inkişaf etməsin. Acıyıram bu dindarların halına. Vaxtı ilə cəhalətlə mübarizə aparib qalib gələn bir din bu gün cahillərin əlində aciz qalib".