“Yerli seriallar zövqü korlayır, ikrah doğurur” - Çörəyi çörəkçiyə verin... !

“Bizim nə qədər pulumuz var ki, xaricdən serial alaq? Deməli, həmin ekran əsərləri ucuz və keyfiyyətsiz olacaq”

“Türkiyənin təcrübəsindən istifadə edə bilərik. Qardaş ölkə öz serialları ilə artıq dünya bazarına çıxıb”

“Qardaşımız ekran əsərlərindən 100 milyonlarla gəlir əldə etməklə serial alan dövlətdən, serial satan dövlətə çevrilib” 


Azərbaycan telekanallarında sentyabrın 1-dən əcnəbi serialların yayımına icazə veriləcək. Bu barədə Milli Televiziya və Radio Şurasının 13 iyul tarixli iclasında qərar qəbul edilib. Bildirilib ki, yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olunub.

“Qərara əsasən, əcnəbi seriallar yalnız 23.00–07.00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş oluna biləcək. Bundan əlavə, həftə ərzində hər bir yayımçı 07.00–22.00 arası vaxt aralığında 2 (iki) efir saatı əcnəbi serial yayımlaya biləcək. Yayımçıları yerli serial istehsalına təşviq etmək məqsədilə həftə ərzində həmin vaxt aralığında (07.00-22.00) yayımlanan hər 5 (beş) efir saatı yerli serialdan əlavə 1 (bir) efir saatı əcnəbi serial yayımlanması mümkün olacaq”.

Bu qərarın əhəmiyyəti, vəd etdiyi perspektiv və ya əksinə deqradasiyanı müzakirə etmək üçün tanınmış media eksperti Zeynal Məmmədli ilə söhbətləşdik:

- Qərarı necə qiymətləndirirsiniz?

- Təsəvvür edin ki, evinizdə mebel yoxdur. Yerli istehsal çox aşağı və keyfiyyətsizdir. Xarici istehsalla arasında elə böyük fərq də yoxdur. Nə edərdiniz?

- Yeganə çıxış yolu xaricə üz tutmaqdır?

- Yerli seriallar zövqü korlayır, tamaşaçıda ikrah yaradır. Həm də, yəqin ki, tamaşaçını televiziya kanallarına cəlb etməkdən ötrü yenidən belə bir qərar verilib. 

- Sizcə, xarici serialların efirə verilməsi nə ilə nəticələnəcək?

 - Bizim nə qədər pulumuz var ki, xaricdən serial alaq? Deməli, həmin ekran əsərləri ucuz və keyfiyyətsiz olacaq. Sırf azəri türkcəsində olmasından ötrü “ortaq” sözünü “şərik” kimi tərcümə edəcəklər. Yəni  tərcümə və dublyaj da istənilən keyfiyyətdə olmayacaq. 

 - Bəlkə, bu qərar “biz bacarmırıq” etirafı idi?

- Elə olsa, gözəl olardı. Amma buna inanmıram. Sadəcə çörək çörəkçiyə verilmir. Biz özümüzün yox, başqalarının səhvlərindən dərs çıxarmalıyıq və yavaş-yavaş püxtələşməliyik. 

- Məsələn hansı ölkənin təcrübəsindən istifadə edə bilərik?

- Elə qardaş Türkiyənin. Türkiyə öz serialları ilə artıq dünya bazarına çıxıb. Qardaşımız ekran əsərlərindən 100 milyonlarla gəlir əldə etməklə serial alan dövlətdən, serial satan dövlətə çevrilib. 

- Bəs bu böhranlı vəziyyətdən çıxmaqdan ötrü nə etməliyik?

-Niyə AXC haqqında, Qarabağ filmləri barədə serial çəkmirik?! Hətta sonra xaricə çıxmaq, həqiqəti beynəlxalq müstəviyə çatdırmaq naminə filmlərimizi, seriallarımızı ucuz qiymətə sata da bilərik. Vallah, adam fikirləşəndə dəli olur. Xarici təcrübələrdən istifadə etməliyik. Cəsarətli sponsorun olmaması isə tamam başqa problemdir. Ölkədə bir milyonçunun da adını bilmirik. Bu özü çox şey demək deyilmi? Hacı Zeynalabdin Tağıyev kimi bir adam olsa idi...