"Türkiyə ordusu Azərbaycanda qala  bilər" - Politoloq

"Qarşılıqlı  səfərlər ciddi geopoltik platformanın qurulmasına hesablanıb"

“Cənubi Qafqazda Türkiyə-Azərbaycan tandemi Rusiya-Ermənistan müttəfiqliyini sual altına qoyacaq”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

    Analitik bildirib ki, Ermənistanda Türkiyənin Azərbaycana hərbi dəstəyindən dolayı ciddi narahatlıq yaşanır: 

“İşğalçı ölkədə Rusiyanın mümkün Qarabağ məsələsində Ermənistanı dəstəkləməyəcəyi fikirləri hakimdir. Bunun səbəbini Nikol Paşinyanın anti-Rusiya siyasətində görürlər. Bakı-Ankara müttəfiqliyi Yerevan-Moskva əlaqələrində ciddi konfrantrasiya ilə yanaşı Ermənistanda daxili siyasi vəziyyətin böhrana yuvarlanmasına gətirəcək. Rusiyaya bağlı olan “Qarabağ klanı” Ermənistanın təhlükəsizliyini qabardıb, Paşinyana qarşı kampaniya keçirə bilər. Bu da ölkədə daxili siyasi vəziyyəti mürəkkəbləşdirər. Amma, Rusiyanın tezliklə Ermənistandan çıxacağı yaxın perspektivdə mümkün görünmür. Azərbaycanın Türkiyə ilə əməkdaşlığı həm torpaqlarımızın işğaldan azad edilməsinə, həm də Rusiyanın qonşularına qarşı arta biləcək müəyyən təzyiqlərdən sığortalanmaq məqsədi daşıyır. Həmçinin, Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə geostrateji yerdəyişmələr gedir. Nüfuz toqquşmasında Ankara daha da irəli çıxıb, mövqelərini gücləndirir. Ankaranın region siyasətində Azərbaycan onun yanındadır”.

Analitik bildirib ki, rəsmi Bakının Türkiyə ilə hərbi əlaqələrini inkişaf etdirməsi konkret müttəfiqlik müqaviləsinin imzalanması ilə nəticələnə bilər:
 
“Azərbayacan müdafiə nazirinin Türkiyəyə səfəri, ardınca Türkiyənin müdafiə naziri və generalitetin ölkəmizə səfəri ciddi geopoltik platformanın qurulmasına hesablanıb. Türkiyə ilə Azərbaycan arasında ikinci hərbi təlimlər başlayacaq. Bu təlimlərin növbəti mərhələdə davam etdirilməsi üçün Türkiyə ordusunun Azərbaycanda qalması yönündə ilkin razılaşma əldə oluna bilər. Türkiyə Azərbaycanla hərbi müttəfiqlik müqaviləsi bağlayarsa, Xəzər dənizində birgə təlimlərin keçirilməsi də reallaşa bilər. Bu, həmçinin Xəzər regionunda enerji daşıyıcılarının Qərbə istiqamətlənməsində baryeri aradan qaldıra bilər. Ümumiyyətlə, Türkiyənin regonda aktivliyi Azərbaycanın təhlükəsizliyinin təminatı deməkdir”.