Qarabağ probleminin sülh yolu ilə həlli perspektivi tamamilə ortadan qalxmaq üzrədir

“Qondarma rejimin bəzi “strukturları”nın Xankəndindən Şuşaya köçürülməsi ermənilərin növbəti təxribatıdır”.
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. 

Deputat bildirib ki, bu, Ermənistanın ilk təxribatı deyil, işğalçı ölkə uzun illərdir çoxsaylı təxribatlar həyata keçirərək Qarabağ probleminin sülh yolu ilə həllindən yayınmağa çalışır: 

“Ermənistanın bu addımı Qarabağ probleminin sülh yolu ilə həllinə vurulan ciddi bir zərbədir və bir daha rəsmi İrəvanın problemi diplomatik yolla həllində maraqlı olmadığını göstərir. İşğalçı dövlət bəzi ölkələrin dəstəyi sayəsində problemin həllinin uzanmasına nail olub. Düşmən ölkə məhz bu cür təxribatlar hesabına problemin sülh yolu ilə həlli perspektivini tamamilə ortadan qaldırmaq üzrədir. Təbii ki, Ermənistan bu məsələdə bəzi qüvvələrə güvənir. Rusiyanın Ermənistana 400 tona qədər silah-sursat verməsi faktı işğalçının hansı qüvvələr tərəfindən himayə edildiyi ilə bağlı aydın fikir formalaşdırır”. 

C.Osmanov vurğulayıb ki, Ermənistan nə iqtisadi, nə də siyasi müstəqilliyə malik deyil və onun boğazındakı kəndir bəzi böyük dövlətlərin əlindədir: 

“Bu dövlətlər zaman-zaman ölkəmizə təzyiq göstərmək üçün Ermənistan amilindən istifadə etməyə çalışır. Lakin avqustun 12-də Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə telefon danışığında Azərbaycanın maraqlarını qəti şəkildə müdafiə etməsi, Rusiyanın Ermənistana göndərdiyi silahlara görə öz etirazını açıq şəkildə ortaya qoyması göstərir ki, dövlətimiz bu məsələdə kimsəyə güzəştə getmək niyyətində deyil”.